İranlı və ərəb turistlər Azərbaycana axın edir

0
5

…“Hər il dincəlmək üçün Türkiyəyə gedirdik. Amma indi Türkiyəyə getmək qorxuludur. Buna görə də, Azərbaycana gəldik. Bakını, Qəbələni, İsmayıllını, Şəkini gəzmişik, təbiət gözəldir”.

30 yaşlı Reyhan ailəsi ilə birgə İrandan gəlib. Deyir ki, ötən ildən bu yay tətilini də Türkiyədə keçirməyi planlaşdırıb. Lakin terror və digər hadisələr planlarını alt-üst edib. Ailə Qəbələdəki istirahət mərkəzlərindən birində dincəlir. Reyhan mərkəzdə göstərilən xidmətin keyfiyyətindən razıdır. Lakin qiymətlərin bahalı olması səbəbindən Azərbaycanda çox qala bilmirlər. “4 gündür Azərbaycandayıq. İndiyə qədər yalnız yemək və nəqliyyata 500 dollardan artıq xərcləmişik”, – deyə o izah edir.

…Turizm şirkətləri də Türkiyədə ard-arda baş verən hadisələrdən sonra Azərbaycana gələn turistlərin sayında artım olduğunu təsdiqləyirlər. “Baş verən hadisələr Azərbaycana gəlmək istəyən turistlərin sayını artırıb. Türkiyədəki son hadisənin üstündən 3 gün keçib. Amma artıq Türkiyəyə yolları bağlananlar Azərbaycana gəlirlər”.

Bunu isə virtualaz.org saytının əməkdaşı ilə söhbətində “Retro” turizm şirkətinin əməkdaşı Nərminə Vəliyeva deyib. Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti ərəblərdir.

Türkiyədəki hadisələr təkcə əcnəbi turistlərin planlarını pozmayıb. Qonşu ölkədə dincəlmək istəyən azərbaycanlı ailələr də seçim qarşısında qalıblar. “Onsuz da manatın devalvasiyasından sonra xarici ölkələrə gedən yerli turistlərin sayı azalmışdı. Amma baş verən son olaylar da təsir edib”, – bunu isə “TDT” şirkətinini əməkdaşı Yeganə Məmmədova söyləyir.

Azərbaycanda sabitliyin olması ölkəyə turist axınını sürətləndirir. Hətta qiymətlər sərfəli, xidmət yüksək olarsa, yaxın bir neçə ildə Azərbaycanı turizm ölkəsinə çevirmək mümkündür. Amma hələlik nə xidmət, nə də qiymət istirahət mərkəzlərinə üz tutanları razı salmır.

Virtualaz.org saytı ölkənin şimal-qərb bölgəsində 1 həftəlik istirahətin qiymətlərini təqdim edir.

Qəbələdə 1 həftəlik istirahət – minimum 600 manat…

Qəbələ-İsmayıllı yolunda hər addımbaşı otel, istirahət mərkəzləri və kirayə ev elanlarına rast gəlinir. Qəbələdəki otellərin əksəriyyəti doludur. Baxmayaraq ki, qiymətlər 100 manatdan başlayır. Gündə 3 dəfə yemək, əyləncə daxil olmaqla bir həftəlik istirahət 1000 manatdan artıq xərc tələb edir. İstirahət mərkəzlərində isə qiymətlər nisbətən ucuzdur. Məsələn, “Grand House” istirahət mərkəzində 2 yataq otağı olan mənzildə gecələmək 80 manata başa gəlir. Amma elə həmin istirahət mərkəzində gecələyənlərə təklif edilən 3 dəfə yemək azı 100 manat təşkil edəcək.

“Sərin məkan” adlı digər istirahət mərkəzində gecələmək 70 manata başa gəlsə də, yeməyə ən azı 50-60 manat pul verəcəksiniz. Çünki menyuda kabab 5 manat, xiyar-pomidor 2 manat, çörək 1 manat, göyərti 2 manat yazılsa da, son nəticədə tələb olunan qiymət “dodaq uçurur”. Bəlli olur ki, bir qabda qoyulmuş xiyar-pomidorun qiyməti ayrıca hesablanır. 3 dilim xiyar 2, pomidor 2, göyərti 2 manat imiş. Süfrəyə verilmiş təndir çörəyi 1 manat hesablansa da, yanına əlavə edilmiş 2 dilim qara çörək 2 manata satılırmış.

Samovar çayı və mürəbbənin qiyməti isə 8 manata başa gəlir. Qəbələnin kəndlərində turistlərə təklif edilən kirayə evlərin qiyməti isə münasibdir. Televizor və soyuducusu olan 2 otağı gecəsi 30-50 manata kirayələmək mümkündür. Qəbələyə gələn turistlərin əksəriyyəti “Qəbələnd” əyləncə mərkəzinə baş çəkmədən geri qayıtmir. Bu əyləncə mərkəzində ödənişlər kart sistemi lə həyata keçirilir. Uşaq oyunlarının qiyməti 2 manatdan 5 manatadəkdir. Çay, yüngül yemək də daxil olmaqla 80-100 manat ödəməklə əyləncə mərkəzində 3-4 saat vaxt keçirmək olar.

İsmayıllıya gedirsənsə, kirayə evlərə bax…

Ismayıllının kəndlərində turistlər üçün təklif edilən qiymətlər daha münasibdir.

“Bütün ili yayın gəlməsini gözləyirəm. Otaqları təmir etdirmişəm. Əla şəraiti olan 2 otaqlı evi gecəsi 50 manata verirəm”. Bunu Buynuz kəndinin sakini Əli Səmədov deyir.

Əli əcnəbi turistlərə İsmayıllının görməli yerlərini gəzdirmək üçün bələdçilik də təklif edir. “Hamam, televizor, soyuducu, kondinsoner, səhər yeməyi təqdim edirik. Otaqlarım oteldən fərqlənmir”, – Ə.Səmədov söyləyir.

Lahıc, İvanovka kimi məşhur kəndlərdə də gecəsi 50-60 manata olan evlər təklif olunur.

Amma nahar etmək üçün istirahət mərkəzlərini seçənlərin 40-50 manat ödəməkdən başqa çarəsi qalmır. Məsələn, “Bədo” istirahət mərkəzində 2 nəfərin nahar etməsi 40 manata başa gəlir. Süfrədəki nemətlərə isə samovar çayı, 2 şiş kabab, xiyar-pomidor və pendir daxildir.

Şəkidə qiymətlər “ceyran belində”

Təbiət şimal-qərb bölgəsinə çox şey verib, gözəl meşələr, gursulu çaylar göz oxşayır. Şəki isə təkcə təbii gözəlliyi ilə deyil, həm də qədimliyi ilə turistləri cəlb edir. Şəkidəki otellərin qiyməti 70 manatdan başlayır. Məsələn, “İssam” otelində 2 çarpayılı 1 otağın qiyməti 70 manatdır. İstirahət mərkəzlərində də qiymətlər bahadır. Məsələn, “Xan bulaq” istirahət mərkəzində 2 otağın qiyməti 100 manatdır. Təbii ki, nahar, əyləncənin qiyməti bura daxil deyil.

Rayon mərkəzindəki kirayə evlərin qiyməti isə 50 manatdan başlayır.

Turizm mövsümünün başlaması mağazalarda suvenirlərin qiymətinə də təsir edib. Məsələn, əvvəl 60-80 manata satılan kəlağayı indi 150 manata satılır. Şəkidən danışmışkən, piti yemədən Şəkini tərk etmək olmaz. Rayonun məhşur “Qaqarin” restoranında piti 5 manata təklif edilir. Restoranın əməkdaşı deyir ki, gün ərzində 200 boşqab piti satılır.

Şəkidə kirayə evlərin qiyməti 50 manatdan başlayır. Amma günü 150-200 manat olan evlər də var.

Şəkidə istirahət etmək istəyənlər, amma maddi imkanları az olan turistlər Kiş kəndində ev kirayə edə bilərlər. Kənddə gecəsi 15-20 manata təklif edilən evlər var. Kiş kəndinə qədim alban məbədinə görə hər gün onlarla əcnəbi turist gəlir.

I-V əsrlərə aid məbədə giriş biletlədir. Məbədin Ağgün adlı əməkdaşı deyir ki, bura yerli turistlərdən daha çox əcnəbilər maraq göstərirlər. Turistlər alban qəbirlərinə, muzey eksponatlarına baxandan sonra dilək tutub divara qəpik yapışdırırlar.

Məbəddə turisrlər üçün suvenirlər də satılır. Məsələn, qoz qabığından düzəldilmiş qab 400 manatadır. Məbədin əməkdaşı deyir ki, qablardan birini iranlı turist alıb.

…Biz hələ Nabran, Şamaxı, Quba və ya Göygöldəki qiymətlərdən danışmadıq. Təbiət Azərbaycandan heç nəyi əsirgəməyib. Ölkəmiz dincəlmək üçün gözəldir, yalnız şərait yaratmaq və qitmətləri münasib etmək lazımdır.

Jalə Ağazadə