I və IV qruplarda nəticələr AÇIQLANDI – 6 nəfər 700 bal topladı

0
7

İyulun 15-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələri elan edilib.
Bu barədə Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasından (TQDK) məlumat verilib.
TQDK bildirib ki, iyulun 15-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələri iyulun 17-də saat 15:40-dan etibarən açıqlanıb.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.