Moskva çayından cəsədi tapılan şəxs azərbaycanlı imiş…

0
9

Moskva çayından ötən həftə cəsədi tapılan şəxsin azərbaycanlı olduğu müəyyənləşib.

APA-nın verdiyi məlumata görə, məlum olub ki, ötən bazar günü cəsədi tapılan şəxs “Şeş-Beş” restoranlar şəbəkəsinin sahibi, tanınmış biznesmen Qeys Məmmədovun sürücüsüdür. Azərbaycanlı sürücünün başından güllələnərək qətlə yetirildiyi, daha sonra torbaya qoyularaq Moskva çayına atıldığı bildirilib. Hüquq-mühafizə orqanları qətlin sifariş məqsədi ilə törədildiyi versiyasını üzərində dayanıb. İstintaqdakı mənbənin verdiyi məlumata görə, qətl iş adamını qorxutmaq məqsədi ilə törədilib.

Qeys Məmmədova son zamanlar kriminal aləmdən adamların təzyiq etdiyi bildirilir. Mənbənin ehtimalına görə, azərbaycanlı iş adamı yaxınlarına sui-qəsdin planlaşdırıldığından əvvəlcədən xəbərdar olub. Baş verən hadisədən sonra restoranın baş ofisində axtarış aparılıb, Qeys Məmmədov dindirilib.

Hadisə ilə bağlı artıq ilk şübhəli şəxs saxlanılıb. Rusiya İstintaq Komitəsi həmin şəxslərin kimliyini açıqlamır.

Qeyd edək ki, Qeys Məmmədovun milliyyətcə azərbaycanlı olan sürücüsü Moskvanın qərbində öldürüləndən sonra ayağına ağır dəmir parçası bağlanaraq, Moskva çayına atılıb. Onun cəsədi atıldığı yerdən 7-8 kilometr uzaqda tapılıb. Cəsədi Moskva çayın yanından keçən piyada təsadüfən görüb.

Qətlə yetirilən şəxsin Rusiya vətəndaşı olduğu bildirilsə də, adı hələlik açıqlanmır.