TQDK-dan abituriyentlərə –Xəbərdarlıq

0
8

Ali təhsil müəssisələrinin V ixtisas qrupu və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər iyulun 15-dən avqustun 5-dək qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bu xəbərdarlığı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası açıqlayıb.

Məlumata görə, abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqi”ni https://eservices.tqdk.gov.az/brxvqab/?frm=egov linkindən çap edib götürə bilərlər.

“Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqini (vərəqədə hər istiqamət üzrə tələb olunan əlavə sənədlər qeyd olunub) gətirməlidirlər.

V ixtisas qrupuna ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları daxildir. I, II, III və ya IV ixtisas qruplarının hər hansı biri üzrə müsabiqədə iştirak etmək istəyən abituriyent həm də V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilir. Abituriyentlərə iki müxtəlif ixtisas qrupu üzrə müsabiqədə özlərini sınamaq imkanı verilməklə, onlar üçün əlavə imkanlar yaradılır.

V ixtisas qrupuna və tam orta təhsil (11 illik) bazasında kolleclərə qəbul cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, əvvəlki illərin məzunları üçün isə buraxılış imtahanı səviyyəsində iyulun 5-də keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən aparılır.

Ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri ilə “Abituriyent” jurnalının 2 nömrəli buraxılışında tanış olmaq mümkündür”.