Ramiz Tağıyev:”Ölkədə nə varsa, bir qrup məmur ordusunun əlində cəmləşib”
Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirəsindəki yekun nitqində prezident İlham Əliyev kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, belə təyinatlı torpaqlar hasarlanıb, istifadəsiz qalıb.
Prezidentin məruzəsinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir:”Mən tapşırmışdım, artıq həmin torpaqlarla baglı arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır”-deyə, prezident qeyd edib.
“Ölkə prezidenti qətiyyətli addımlar atmalı, islahatların effektli olması üçün islah olunmazları komandasından uzaqlaşdırmalıdır”
Millətim.info-ya məsələ ilə bağlı fikirlərini bölüşən Canımız Azərbaycan Naminə Partiyasının (CANP) sədri Ramiz Tağıyev ölkədə ciddi iqtisadi, siyasi islahatların tərəfdarı olduğunu söyləyib: “Təəssüf ki, əksər hallarda bizim söylədiklərimizi düşmən mövqeyi kimi qəbul edirlər. Ancaq qətiyyən belə deyil, biz, müstəqilliyimiz uğrunda çətin, əzablı mübarizə yolu keçmiş insanlarıq. Mən ən ağır bir zamanda Culfa rayonuna rəhbərlik etmişəm. Rəhbərliyim dövründə aparılmış özəlləşdirmə, aqrar islahatlar illərlə Az.TV-də nümunə kimi təbliğ olunub. Təbii ki, qısqanclıqdan adım çəkilməyib. Əsas bu deyil, odur ki, ədalətli özəlləşdirmə apardığımla bu gündə ürəyim rahatdı. Bəli, hamı dərk etməlidir ki, islahat sözünün kökündə islah kəlməsi dayanır. İslahat aparan məmurlarımızın əksəriyyətinin bu mənada özlərinin islah olunmasına ehtiyac duyulur. Bunu edə bilmirlərsə, onda aqibətləri Eldar Mahmudov və onun quldur komandasından fərqli olmamalıdır. Bu gün ölkədə nə varsa, demək olar ki, bir qrup məmur ordusunun əlində cəmləşib. O cümlədən yararlı torpaqlar-on minlərlə hektar…
E.Mahmudovun quldur dəstəsinin ifşasından sonra nələr aşkar olmadı? “Çekist” hara, biznes strukturları hara, torpaqlar, istixanalar, fermalar hara? Mən yazırdım, həbs edirdilər. Bir kiçik müəssisəsi, hətta evi olmayan Ramiz Tağıyevi vergidən yayınmaqda suçlayırdılar. Bu günün özündə kiçik bir məmurun tənqidinə dözümsüzlük göstərib,”ley”kimi üstümüzə şığıyırlar ki, susun. Bizlərin susması isə korrupsiyanın, rüşvətxorluğun, bir sözlə, özbaşınalığın tüğyan etməsinə şərait yaradır. İctimai nəzarət olmayan cəmiyyətdə ədalət ola bilməz. Digər bir problemdə var ki, bu da məmur ordusunun bir neçə sülalənin əlində cəmlənməsidir. Tayfalar var ki, kiçiyinnən böyüyünə qədər vəzifə sahibidirlər. İdarə edəndə, nəzarət edəndə,mühafizə edəndə eyni nəsillərin nümayəndələridir. Bizləri də birmənalı düşmən kimi təqdim ediblər. Nə özümüz, nə övladlarımız, nədə ki, qohum-əqrəbamız çalışmaq hüququna malik deyilik. Məni düzgün qəbul edin, işləmək, özümü təsdiq etmək, dövlətimə, millətimə xidmət göstərmək istəyirəm. Təsdiq etmək istəyirəm ki, millətə təmiz, vicdanla, təmənnasız xidmət göstərmək olar. Mən, ölkə prezidentini bir çox məqamlarda açıqca müdafiə etmişəm. Bu qündə onun islahat çağırışlarını təqdir edirəm. Ancaq əksər məmurların islaholunmazlığını, acgözlüyünü, korrupsiyaya bulaşdıqlarını, milyonları, milyardları çirkli yollarla mənimsədiklərini bildiyimdən prezidentin onların ciddi müqaviməti, təxribatları ilə qarşılaşacağını dəqiq bilirəm. Ancaq başqa yol yoxdur, ölkə prezidenti qətiyyətli addımlar atmalı, islahatların effektli olması üçün islah olunmazları komandasından uzaqlaşdırmalıdır. Onların çirkli yollarla ələ keçirdikləri torpaqlar,sərvətlər müsadirə olunmalı, əsil sahibinə,xalqa qaytarılmalıdır.”
Turan Türk