Kərə yağı adı altında 260 kq bitki yağının satışının qarşısı alınıb- FOTO

0
11

Bərdə rayonunda kərə yağı adı altında bitki yağının satışının qarşısı alınıb.

 

Bu barədə APA-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Xəbərə görə, Agentliyin əməkdaşları əldə olunmuş məlumat əsasında Bərdə rayonu, Güloğlular kəndində “Təzə Bazar” ərazisində “Lada VAZ-21015” markalı minik avtomobilinin yük yerinə baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyini aşkarlayıb. Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.

 

Məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə yağın bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.
Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.