“Sabah” qəzeti, türkiyə, 25 aprel 2020-ci il
Koronavirus var olandan bu günə kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müzakirə mövzusu olub. Səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın qərargahı olması gözlənilən bu qurum nəinki bu rolu oynaya bildi, əksinə, yarpaq kimi töküldü.
Pandemiya bitdikdən sonra bu qurumun varlığı və gələcək fəaliyyəti uzun müddət müzakirə ediləcək. Bəs elə isə bu təşkilatın ”kağızdan hazırlanmış gəmi” olduğunu kim söyləyə biləcək?
Mənim də fikrimcə, ÜST-ün müzakirə mövzusuna çevriləcək saysız-hesabsız ciddi problemləri var. Əlbəttə ki, ÜST pandemiyanın yayılmasında məsuliyyət sahibi kimi görülə bilməz, amma xüsusilə pandemiyanın elan edilməsi məsələsində bir qədər gecikməsi artıq müzakirələrə səbəb olub. Çox güman ki,bu mövzu da elə siyasi zəmində müzakirə olunacaq.
Verilən məlumatlara görə, ÜST-ün pandemiyanın yayılması xəbərini bir müddət ertələməsinin arxasında duran səbəb Çini müdafiəsiymiş.
Doğru ola bilər. Səhiyyə işçisi deyiləm. Nə zaman məlumat verilməli idi, bu barədə nəsə demək səlahiyyətində deyiləm. Amma səhv də olsa, bu mövzu bir dəfə gündəmə gətirildisə, artıq səhiyyə baxımından bunun nə məna daşıdığının heç bir əhəmiyyəti yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı da “vurulan” hədəflər sırasında olacaq.
Reallıqda bu təşkilat pandemiyanın yayılmaması üçün nələr edə bilərdi? Əslində, edə biləcəyi elə də çox şey yoxdur. Sadəcə, formal açıqlamalar və müəyyən elanlar verə bilər. Adının elə böyük görsənməyinə baxmayın, nə elə güclü səlahiyyəti var, nə də geniş tutumu. Bu səbəblə də elə də çox təqsirkar göstərilməyinə ehtiyac yoxdur.
Ancaq heç kim indi buna fikir vermir. İndi qlobal bir pandemiya böhranı var və ÜST bu imtahandan keçə bilməyib. Buna görə də gələcək fəaliyyəti artıq çox qaranlıq görsənir.
Tramp onsuz da bu təşkilata ediləcək maddi dəstəyin kəsiləcəyini söyləyib. ÜST-ün ən böyük sponsoru isə, təbii ki, Çindir. Məlum məsələdir ki, Çin ÜST-ü yarandığı gündən etibarən öz nüfuzunu və siyasətini Afrikada gücləndirmək üçün dəstəkləyir və təşkilatı öz nəzarətində saxlayır. Açığı, bu təşkilatda işlərin neçə illərdir necə getdiyini bilsəniz, bu, heç də sizə təəccüblü gəlməyəcək.
Yenə bənzər formada Çin tərəfindən bu pandemiya ərzində də təşkilatın manipulyasiya edilməsi şəxsən məni təəccübləndirməz.
ÜST beynəlxalq səviyyədə ciddi etibar itirəcək. Amma bu, elə də önəmli deyil. Önəmli olan ÜST üzərindən qurulan hesablaşmalar və siyasi oyunlardır.
Həmişə deyirəm. Önümüzdəki müddətdə beynəlxalq qurumların işlədiləcəyi yox, oyundan kənara çıxarılacağı və arxalarındakı dövlətlərin açıq-aşkar üz-üzə gələcəkləri bir düzənə qədəm qoyuruq.
İndi hər kəs nəfəsini tutub, Çinlə ABŞ-ın necə hesablaşacağını səbrsizliklə gözləyir. Ancaq ABŞ daha çox daxili hesablaşmalara yönələcək kimi görsənir.
Həqiqətən, ABŞ dünya siyasətinə bu qədər laqeyd qala bilərmi? Həqiqətən, bu ölkənin dünya liderliyi rolunu oynamağı buraxın, öz beynəlxalq maraqlarını müdafiəsində bu qədər kor və bacarıqsız ola bilərmi? Tamamilə ola bilər.
ABŞ-ın son 10 ildə özü özünə etdiyini bütün dünya bir yerə gəlsəydi, yenə də edə bilməzdi. Bu, eyni şəkildə davam edir. Beynəlxalq qurumlarla maraqlanmaq, bu qurumlar üzərindən başqa ölkələrlə siyasi polemikalar yaşamaq kimi bir niyyəti yoxdur. Daxilindəki qütbləşmə ABŞ-ı iflic edib. Ümumdünya Səhiyyə Təşkilatı isə bir az daha müzakirə ediləcək, sonra maraqsızlıqdan dünya gündəmindən düşəcək.
Tərcümə Strateq.az-ındır