Samir Nuriyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təyin edildi- SƏRƏNCAM

0
6
Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Strateq.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Samir Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

“Report” Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tərcümeyi-halını təqdim edir.

Samir Rafiq oğlu Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

O, 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub, 1996-cı ildə həmin universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə Samir Nuriyev müxtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Ölkə başçısının 12 aprel 2016-cı ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

21 aprel 2018-ci ildən 1 noyabr 2019-ci ilədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb.

Evlidir, iki övladı var.