Sakinlərin fəryadını GÖRMÜRSÜNÜZ???

0
8

Millətim.info-nun poçtuna yenə şikayət məktubu gəlib. Bakı şəhəri, Mirzəağa Əliyev 150-də yaşayan sakinlər aidiyyatı orqanlara səslərini hər yolla duyurmağa çalışırlar. Növbəti ümid yerləri isə bizik. Poçtumuza daxil olan yazını olduğu kimi diqqətinizə çatdırırıq. Ümid edək ki, bu dəfə eşidən və görən olacaq…

“Köhnə 5 mərtəbə dairəsi adlanan ərazidə Mirzəağa Əliyev küçəsi 150-də yerləşən binanın vəziyyətini yəqin ki, həmin ərazidə yaşayan insanlar daha yaxşı görüblər. Bəs insanların görmədikləri nədir? Bina xıx əsrin binasıdır. Binada yaşayan sakinlərin və birinci mərtəbədə fəaliyyət göstərən sahibkarların hüquqları dəfələrlə kobud şəkildə pozulub. İcra nümayəndələrinin göstərişi ilə mənzil istismar idarəsinin işçiləri tərəfindən aparılan söküntü işləri iyul ayının axırları başlamışdı. Binanın qəzalı olduğunu bəhanə edərək içərisində insanlar ola-ola, heç bir təhlükəsizlik tədbiri görülmədən binanın daxilində və ön tərəfində aparılan dağıntı işləri inşaat qaydalarına uyğun deyildi.

Sakinlərin və sahibkarların etirazlarına baxmayaraq binanın balkonları, pəncərələri və hətta damı sökülərək yararsız hala salındı. Mənzil sənədləri olmayan məcburi köçkünləri razı salıb binadan çıxartmaq çətin olmamışdı. Amma sənədləri olan yerli sakinlər və müqavilə əsasında binada fəaliyyət göstərən iş yerləri icra nümayəndəliyindən binanın sökülməsinə dair rəsmi sənəd və köçmək üçün vaxt tələb edirdi. Tələblər nəzərə alınmadan binanın önü dəmir hasarlarla bağlandı. Bu hasarların təhlükəsizlik standartları ilə heç bir əlaqəsi yoxuydu. Dəmir hasarlar binanın altında fəaliyyət göstərən gül mağazası və yeni açılmış fast food restoranının önünü qapadaraq işlərinə mane olur. Məqsəd sahibkarları binadan bu yolla çıxartmaq idi. Bu qanunsuzluqla bağlı dəfələrlə edilən müraciətlərə baxılmadıqdan sonra 21 avqust tarixində dəmir hasarın üzərinə “GÖRMÜRSÜNÜZ” haştağı altında sosial mesaj yazıldı.  Bəs sizcə görmədiyimiz daha nələr var?”