Hesabatda C.Xaşuqcinin qətlindən əvvəlki səs yazılarının stenoqramı dərc olunub.
Səs yazısında jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olduqdan sonra qatillərlə söhbəti əksini tapıb.
Dialoq belə baş tutub:
Qatil: Səni Səudiyyə Ərəbistanına aparmağa gəlmişik. Barəndə həbs qərarı var. Bayırda səni gözləyənlərə mesaj göndər və gəlməyəcəyini de!
Xaşuqci: Onlara nə deyim? “Yaxın vaxtlarda görüşərik? Qaçırılıram?” Elə mesaj göndərməyəcəyəm.
Qatil: Mesajı dərhal yaz! Tələs! Bizə kömək etməsən, bunun necə nəticələnəcəyini bilirsən.
Xaşuqci: Masanın üstündəki dərmanlar mənim üçündür?
Qatil: Səni keyləşdirəcəyik.
Bu dialoqdan sonra dava səsləri eşidilir.
Bir neçə dəqiqə sonra qatillər öz aralarında söhbət edir:
– Cəsədi paketlərə yığaq?
– Yox, onda ağır olacaq.
– Problem deyil.
– İlk dəfədir ki, yerdə kəsirəm. Cəsədi hissələrə bölüb paketlərə yığsaq, işimiz bitəcək. Hər parçanı ayrı-ayrı paketlərə yığaq.
Bundan əvvəl isə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulu Məhəmməd əl-Uteybi hələlik şəxsiyyəti məlum olmayan bir nəfərlə söhbət edib. Söhbət zamanı həmin şəxs Səudiyyədən bir qrup insanın konsulluqda 2-3 günlük işinin olacağını bildirib.
Qeyd edək ki, Xaşuqci oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur. /oxu.az