Azərbaycanın büdcə gəlirləri 20 faizədək artıb- Statistika Komitəsi

0
5
2019-cu ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6% artaraq 5456,7 milyon manata, xərcləri isə 14,8% artaraq 5059,2 milyon manata çatıb.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, büdcənin icrasında yaranan 397,5 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,2 %-nə bərabər olub. Daxilolmaların 21,5 %-i əlavə dəyər vergisi, 10,2 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 %-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,7 %-i fiziki şəxslərin gəlir vergisi, 3,6 %-i aksizlər, 1,7 %-i sadələşdirilmiş vergi, 1,9 %-i vergilərin digər növləri, 52,3 %-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 26,6 %-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 18,8 %-i sosial müdafiə və sosial təminat, 12,5 %-i təhsil və səhiyyə sahələrinin, 42,1 %-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

2019-cu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 7503,4 milyon manat, xərcləri 7220,5 milyon manat təşkil edib, büdcənin icrasında 282,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,2 %-i qədər profisit yaranıb.