Dövlət Komitəsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq.
“Əslində, bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək. Bu fənnin tədrisi üçün dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır. Dərs vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən digər bölmə. Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır. Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri də var. Bir daha qeyd edirik ki, bu fənn orta məktəblərdə deyil, ali təhsil ocaqlarında tədris olunacaq”, – açıqlamada qeyd edilib.
Məlumatda bildirilib ki, orta məktəblərə gəlincə, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür: “Eyni zamanda neçə illərdir ki, orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar da verilir. Hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. Ümumiyyətlə, məqsəd dinlər barədə şagirdlərə məlumat vermək, onların bu istiqamətdə dünyagörüşünü artırmaqdır. Bir sözlə, söhbət orta məktəblərdə dinin tədrisindən yox, dinlərlə bağlı ilkin biliklərin verilməsindən gedir. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlər davam etdiriləcək. Azərbaycanla yanaşı, digər ölkələrdə də belə təcrübələr var. Hətta bir sıra ölkələrdə bütün dinlər (səmavi və digərləri) barədə orta təhsil müəssisələrində ayrıca dərslər keçirilir”.