Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi də 10 maddədən ibarətdir və Azərbaycan dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.
Qanuna əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir.
Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.
Bundan başqa, Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.
9 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib.
Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.
Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Hər iki qanun layihəsi müzakirə olunduqdan sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub/Report.