Gənclər təşkilatları Prezidentə müraciət etdi:“Xahiş edirik, bu dəyişikliyi ləğv edin”

0
7
Bir qrup gənclər təşkilatı prezident İlham Əliyevə müraciət edərək “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa edlmiş dəyişkliyin ləğv edilməsini xahiş edib.

Strateq.az-a daxil olan müraciətdə deyilir ki, Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2002-ci ildə qəbul edilən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa  ediləcək dəyişikliklər paketinə gənclər təşkilatları rəhbərlərinin ciddi narahatçılıq, narazılıq və etirazına səbəb olan bir təklif daxil edilib:

“Bizlərin haqlı etiraz və narazılığımıza səbəb olan təklif – “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2 1.0.5-ci  maddəsinə edilən antidemokratik, beynəlxalq təcrübəyə sığmayan “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə olan təklifdir. Bu təklif Azərbaycan Respublikası Konstitutsiyasının 58-ci maddəsinin I, II və III bəndlərinə zidd olmaqla yanaşı, ölkəmizin qoşulduğu beynəlxalq konvensiya və protokollarla və eləcədə Azərbaycan Respublikasının “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və Azərbaycan Respublikasının “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Qanunları ilə də ziddiyət təşkil edir”.

Müraciət müəllifləri bildiriblər ki, ciddi narahatçılığa səbəb olan bu təklif əsaslı araşdırma aparılmadan, inkişaf etmiş ölkələrin təcrübələri və ən əsası Azərbaycanın fəal gənclər təşkilatlarının fikir və rəyləri öyrənilmədən hazırlanmış və Milli Məclisin plenar müzakirəsinə çıxarılıb: “Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə Azərbaycanda çoxsaylı gənclər təşkilatları sektorunda ciddi fəaliyyət zəifliyi və xoşagəlməz nəticələr ortaya çıxa bilər ki, bu da son nəticədə Sizin prioritet elan etdiyiniz gənclər siyasətinin inkişafına mənfi təsir edə bilər. Sizdən xahiş edirik ki, öz  müstəsna hüququnuzdan istifadə edib, ədalətsiz və ciddi hüquqi ziddiyət təşkil edən bu müddəanın – “gənclər təşkilatlarının icraedici orqanları üzvlərinin və təsisçilərinin yaşının 35 yaşla məhdudlaşdırılması” barədə dəyişikliyin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanun layihəsindən çıxarılmasına öz köməkliyinizi əsirgəməyəsiniz”.

Müraciəti 50-yə yaxın QHT imzalayıb.