ABŞ Prezidenti Donald Tramp ilə sıx əlaqələri olan rusiyalı pop-star, azərbaycanlı Emin Ağalarov Birləşmiş Ştatlara səfərini təxirə salıb. Onun agenti bunu Ağalarovun xüsusi prokuror Robert Müller ilə işləyən FTB (FBI) agentləri tərəfindən həbs olunma ehtimalı ilə əlaqələndirib.
Qeyd edək ki, Ağalarovun 2016-cı ildə “Trump Tower”-də rusiyalılarla görüşü təşkil etdiyi bildirilir. Müller isə Trampın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır.
“The Independent” qəzeti yazır ki, əslən Azərbaycandan olan rusiyalı oliqarx Araz Ağalarovun oğlu Emin ABŞ və Kanadada beş gün ərzində konsert verməliydi. İlk konsert yanvarın 26-da Nyu Yorkda keçiriləcəkdi.
“Belə bir mesajı yazdığıma həqiqətən nifrət edirəm, amma seçimsiz qalmışam, məndən asılı olmayan şərait ucbatından ABŞ və Kanada turumu ertələməyə məcburam”, – Ağalarov “Facebook” və “Instagram”-da yerləşdirdiyi mesajda deyir. Pop-ulduz bu şouların bir il öncədən planlaşdırıldığını deyir. O, hamıdan üzr istəyir.
Qəzet yazır ki, Ağalarov və onun reklam agenti Rob Qoldstounun2016-cı il görüşünün təşkilində əsas rol oynadığı bildirilir. Müller hazırda bu görüşü də araşdırır.
İyunun 9-da təşkil olunmuş görüşdə Taumpın kürəkəni Cared Kuşner, seçki kampaniyasının meneceri Pol Manafort, Kremlə bağlı vəkil Nataliya Veselnitskaya, tanınmış rusiyalı amerikalı lobbiçi Rinat Axmetşin, biznesmen Ayka Kaveladze, tərcüməçi Anatoli Samoçornov və cənab Qoldstoun iştirak ediblər.
Bildirilir ki, bu görüşdən öncə Qoldstoun Trampın böyük oğluna onda demokratların namizədi Hillari Klinton barəsində Rusiya mənbələrindən əldə etdiyi “çirkli” informasiya var.
Ağalarovlar ailəsi isə Trampı çoxdan tanıyırdı. 2013-cü ildə Eminlə atası Trampın Moskvada Dünya Gözəli müsabiqəsi təşkil etməsinə yardımçı olub. Onlar Moskvada “Trump Tower” tikməyi də müzakirə ediblər.
“Bloomberg News”-a müsahibəsində 39 yaşlı Ağalarov deyib ki, həbs olunma qorxusundan ABŞ-a səfərini təxirə salır: “Məndə belə bir hiss var ki, ABŞ tərəfinin niyyətləri xoş deyil – anti-Rusiya isteriyasının yaradıldığı bir dönəmdə məni, tanınmış birini bu sirk tamaşasına cəlb etmək istəyirlər. Əməkdaşlığa tamamilə açıq və hazıram, ancaq qarşı tərəfin mənə bu imkanı verməyə hazır olmasından əmin deyiləm”.
Ötən il Demokratik Milli Komitə Ağalarovlara qarşı iddia qaldırıb, onları 2016-cı il seçkisinə müdaxilə məqsədilə Rusiya və Trampın kampaniyasının əlbirliyində iştirakda suçlayıb. “Bloomberg News” yazır ki, Ağalarovlar dekabrda ABŞ-dakı hakimdən bu iddianı rədd etməyi istəyiblər.
Ağalarovun ABŞ-dakı vəkili Skott Balber “The Independent”in suallarını cavablandırmayıb. Amma o, “NBC News”-a deyib ki, bu ertələmə dəqiq Rusiya istintaqıyla bağlıdır.
Tramp və Rusiya hər hansı əlbirlik iddialarını rədd edir. Tramp Rusiya istintaqını dəfələrlə “əcinnə ovu” adlandırıb.
(Azadlıq radiosu)