Yeni vergi siyasəti: ƏDV-dən bizə çatan payı nə vaxt alacağıq? – TƏHLİL

0
14

Vergi Məcəlləsinə edilən dəyişikliklər artıq qüvvəyə minib. 2019-cu ildə ölkə iqtisadiyyatında gözləntilərimə dair yazmışdım ki, yenicə qədəm qoyduğumuz bu ilin nə dərəcədə uğurlu olacağı həm də yeni vergi dəyişikliklərinin effektivlik səviyyəsindən asılı olacaq. Düzdür, vergi siyasətində dəyişikliklər nəticəsini bütövlükdə elə həmin il ərzində göstərə bilməz. Bundan ötrü müəyyən vaxt tələb olunur. Lakin ilkin nəticələr hər halda özünü büruzə verməlidir və verəcək də.

Dəyişikliklərdən biri ondan ibarət idi ki, 2019-cu il yanvarın 1-dən fiziki şəxslərdən ibarət istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət və ya ictimai iaşə obyeklərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nağdsız ödəmələr üzrə 15%-i, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq. Neft və qaz məhsulları istisna olmaqla…Bu yenilik, yəni nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə pərakəndə satış və içtimai iaşədə nağdsız ödənişlər üzrə (POS terminallar vasitəsilə) sahibkarlıq subyektlərinə müddətli vergi güzəştlərinin verilməsi, pərakəndə ticarətdə real dövriyyənin müəyyən olunmasında istehlakçıların, yəni fiziki şəxslərin iştirakını təmin etmək üçün neft-qaz məhsulları istisna olmaqla, nağdsız qaydada alınan mallara görə ödənilən ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması addımı, dəyişikliklər sırasında ən mühümlərdən biri sayılır.

Bu barədə yazdığım şərhdə də qeyd etmişdim ki, söhbət vergi sahəsində islahatlardan gedirsə, bu, sözsüz ki, ƏDV-ni də əhatə etməli idi. Ümumiyyətlə, ölkədə vergiyə dair dəyişikliklər, islahatlar həyata keçirilən zaman hər dəfə yazmışam ki, ƏDV-ni həm differensiallaşdırmaq, həm də dərəcəsini aşağı salmaq yolu ilə yumşaltmaq, onun bütövlükdə dövlət büdcəsi üçün əsas gəlir mənbələrindən biri kimi çıxış etməsi faktını məhdudlaşdırmaq lazımdır.

Sözüm bunda deyil. Vergi siyasətində dəyişiklik elə bir məsələdir ki, bu, təkcə dərəcələri aşağı salıb-yuxarı qaldırmaqdan və yaxud, müəyyən limit və ya güzəştlərin tətbiqindən ibarət deyil, eyni zamanda, bütün bunlara dair müvafiq mexanizm də ortaya qoyulmalıdır. Mexanizm olmasa və yaxud məlum deyilsə, dəyişiklik işləməyəcək, yəni icrası baş tutmayacaq.

Bu mənada, ƏDV ilə bağlı yenilikdə yanvarın ilk günlərindən nüanslar ortaya çıxıb. Belə ki, dəyişikliklər yanvarın 1-dən qüvvəyə minsə də, vergilərin geri qaytarılması, dəqiq desəm, ticarət və iaşə müəssisələrində alver zamanı tutulan ƏDV-nin POS-terminallar və kassa çeki ilə edənlər üzrə uyğun olaraq 15% və 10% hissəsinin müştəriyə geri ödənişi mexanizmi hələ, layihə şəklində işlənib dövlət başçımıza təqdim ediləsidir. Odur ki, vətəndaşlar verginin onlara çatan hissəsini bir neçə aydan sonra ala biləcəklər. Yəni, ən tezi aprel ayında… Çünki, sözügedən qaydaların işlənib hazırlanması üçün hökumətə 3 ay vaxt verilib.

Sual yaranır: bunu eyni vaxtda tətbiq etmək olmazdımı? Yəni, yenilik qüvvəyə minərkən mexanizmi də hazır olaydı. Aprelə qədər bütün vətəndaşlar kassa və digər çekləri saxlayacaqlarmı? Belə çıxır ki, ticarət və iaşə müəssisələrində alver zamanı tutulan ƏDV-nin POS-terminallar və kassa çeki ilə edənlər üzrə uyğun olaraq 15% və 10% hissəsinin müştəriyə geri ödənişi güzəşti azı 3 ay ərzində havadan asılı vəziyyətdə qalacaq. İkincisi, onsuz da bizdə ticarət və içtimai iaşə obyektlərinin xidmətlərindən istifadənin yekunu olaraq kassa və digər çeklərin normal şəkildə verilməsi və tələb olunması ənənəsi və mədəniyyəti yoxdur. Odur ki, vətəndaşların yanvarın 1-dən istifadə etdikləri xidmətlərə, alış-verişə görə, çekləri yığıb saxlayacaqları inandırıcı deyil. Çoxları heç bilmirlər ki, söhbət nədən gedir.

Və nəhayət, ölkədə ƏDV-nin müəyyən hissəsinin istehlakçılara qaytarılması sahəsində təcrübə var axı… Belə ki, 2016-cı ilin iyul ayından ölkədə “Tax free” adlanan sistem fəaliyyət göstərib. Hansı ki, əcnəbi şəxslər tərəfindən ölkə ərazisindən alınan istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən ƏDV-in sonradan geri alınmasını ehtiva edirdi. Yəni, buna dair xüsusi mexanizm fəaliyyət göstərib.

Xatırladım ki, ölkəmizdə vəsait ödəyərək müəyyən adda mal alan xarici vətəndaşlar tərəfindən ƏDV-nin geri qaytarılması, 2017-ci ildən yerli vətəndaşlar üçün də tədbiq olunmağa başlandı. Belə ki, sözügedən mexanizm onların da istifadə alətinə çevrildi ki, bu da, “shopping festival” dövründə tədbiq edildi. Yəni, bu ilin yanvarın 1-dən tədbiq edilən yenilik üzrə müvafiq tədbiq mexanizmini işləyib hazır etmək çətin deyil. Bundan ötrü, nəyə görə 3 ay vaxt tələb olunur ki?

Yeri gəlmişkən, dövlət büdcəsinin gəlirlərində Vergilər Nazirliyi xəttiylə toplanılan vergilər sırasında ƏDV mənfəət və fiziki şəxslərdən gəlir vergisindən sonra üçüncü yer tutur. 2019-cu ilin dövlət büdcəsində də sözügedən vergi növü üzrə daxilolma 1804,0 milyon manat səviyyəsində nəzərdə tutmaqla, yenə də mənfəət və fiziki şəxslərdən gəlir vergisindən sonra üçüncü ən böyük məbləğ yerində gəlir.

«Tax Free» sistemində başlıca məqsəd daha çox satışa nail olmaq, ticarəti genişləndirmək, mümkün dərəcədə böyük məbləğlərdə pul xərclənməsinə müəssər olmaq idi. Nəticədə də həm daxili, həm də xarici turizmin inkişafına əlavə dəstək əldə edilərək, ticarət dövriyyəsinin genişlənməsinə, dövlət büdcəmizin şaquli deyil, üfiqi istiqamətdə milyonlarla vəsait qazanmasına şərait yaradılmaqla, bir sıra yerli məhsulların istehsalında stimul təşəkkül tapmış oldu.

Cari ildən ölkədə ƏDV üzrə tədbiq olunan tədbir də elə faktiki olaraq, eyni məqsəd daşıyır. Və əsas etibarilə, qeyd olunan hədəfə xidmət edir. Sadəcə, bu dəfə ortada əlavə olaraq, nağdsız hesablaşmaları stimullaşdırmaq, ticarət və xidmət sahəsində dövriyyənin tam olaraq leqal xarakter daşımasına müvəffəq olmaq kimi istək və məqsədlər vardır ki, bu da kölgə iqtisadiyyatı amilinə qarşı mübarizə vasitələrindən biri sayılır.

Ümumiyyətlə, ƏDV kimi vergi növləri üzrə güzəştlər kölgə iqtisadiyyatını leqallaşdırmaq, ticarəti artırmaq və genişləndirmək, dövriyyəni sürətləndirmək və yüksəltmək, nağdsız hesablaşmalara stimul yaratmaq və sair üçün çox əlverişli vasitədir. Ancaq hər hansı bir effektiv vasitədən istifadə edilərək məqsədə tez çatmaq istənilirsə, yarımçıq iş görülməməli və addım atılmamalıdır.

Pərviz Heydərov