AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu barədə yanvarın 4-də Ağ evin Qızılgül bağçasında jurnalistlərin suallarına cavab verərkən deyib: “Apple” möcüzəvi kompaniyadır. Lakin unutmayın ki, “Apple” öz məhsullarını Çində istehsal edir. Mən yaxın dostum, Tim Kuka məhsullarını Birləşmiş Ştatlarda istehsal etməyi, gözəl istehsalat meydançaları tikməyi təklif etdim”. Prezident kompaniya rəhbərinin bu təklifə necə yanaşdığı barədə bir söz deməyib.
“Çin “Apple” kompaniyasından böyük, bizdən də çox gəlir götürür”, – deyə Tramp əlavə edib.
1976-cı ildə əsası qoyulan “Apple” kompaniyası “iPhone” smartfonları ilə yanaşı, “iPad” və “iMac” kompüterləri, “MacBook” noutbukları, “iPod” musiqi pleyerləri və digər yüksək texnoloji avadanlıqlar istehsal edir. Mənzil qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən korporasiya dünyanın ən nəhəng kompaniyalarından biridir. Onun bazar kapitalı 1 trilyon dollardan çox qiymətləndirilir. Kompaniyanın məhsullarının əksər hissəsi, o cümlədən komponentlər və ehtiyat hissələri Çində istehsal olunur.