ÇİN LİDERİNDƏN ORDUYA “SAVAŞA HAZIR OLUN” ƏMRİ –Trampın Tayvanla bağlı qərarı Pekini ayağa qaldırdı

0
4
Cənubi Çin dənizindəki mübahisəli adalar, ABŞ-la ticarət savaşı və Tayvanın gələcək statusu ilə bağlı gərginliklərin artdığı bir ərəfədə Çin Xalq Respublikasının sədri Si Cinpin ordu rəhbərliyi ilə təcili toplantı keçirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Si Cinpin toplantıda ordu rəhbərliyinə artan risk və təhdidlərə qarşı hər an hazır olmağı tapşırıb: “Silahlı qüvvələr yeni dönəmin təhdidlərinə qarşı strateji baxımdan gücləndirilməli və hər an müharibəyə hazır olmalıdır. Bunun üçün gərəkən tədbirləri görməlisiniz”.

Si Cinpin bildirib ki, hazırda dünya heç vaxt görülməmiş böyük dəyişikliklərlə üz-üzədir: “Çinin inkişafı üçün hələ də önəmli bir fürsət var.  Silahlı qüvvələrin təcili vəziyyətlərə dərhal cavab verə bilməsi  və birgə əməliyyat bacarıqlarını yüksəltmələri üçün yeni sistemli döyüş qüvvələrini formalaşdırılması çox vacibdir”.

Çin rəhbəri  Tayvanla birləşmək və Cənubi Çin dənizindəki  mübahisəli adaları qorumaq üçün lazım gələrsə, güc tətbiq edəcəklərini bir daha bəyan edib: “Silahlı qüvvələr hər an savaşa hazır olmalıdır”.

Xatırladaq ki, ABŞ prezidenti Tramp bir neçə gün əvvəl Tayvanın təhlükəsizliyinin təmini ilə bağlı “Asiya təşəbbüsü” qanunu imzalayıb.

Trampın məhz bu qanunun imzalamasından sonra Çin liderinin ordu rəhbərliyinə “Savaşa hazır olun” əmrini verməsi, iki nəhəng ölkə arasındakı qarşıdurmanın daha dramatik xarakter alacağını göstərir.