“Biz proporsional azad siyasət yürütdüyümüzə görə, bizə təzyiqlər də artır. Lakin bu təzyiqlər enerji faktoru ilə əlaqəli deyil. Bizi hansısa avantüraya çəkməkdir. Hansı ki, tamamilə bizim xalqımızın və ölkəmizin əleyhinədir”.
Strateq.az xəbər verir ki, bunu prezident İlham Əliyev Rusiyanın “Rossiya24” televiziyasına verdiyi müsahibəsində deyib.
Dövlət başçısı vurğulayıb ki, ölkə daxilində heç bir potensial təhlükə yoxdur, təhlükələr xaricdən gətirilə bilər:
“Buna görə də öz suverenliyimizlə bağlı məsələlərə çox diqqətlə yanaşırıq. Vətəndaşlarımızın təhlükəsizliyinə çox həssas yanaşırıq. Buna görə də, Azərbaycanı hansısa beynəlxalq avantüraya çəkməyə çalışmaq həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və biz periodik olaraq bu nəticəni görürük”.
İlham Əliyev mətbuata yalançı məlumat ötürən təbliğatdan istifadə edildiyini söyləyib: “Bu da onların sevimli şantaj, təzyiq göstərmək metodudur. Lakin bizim artıq buna immunitetimiz yaranıb. Vətəndaşlarımız çox yaxşı başa düşürlər ki, bu cəhdlərin və yalançı xəbərlərin arxasında nələr dayanır”.
İlham Əliyev müsahibəsində Ermənistanın yeni hakimiyyətindən gözləntilərindən danışıb. O deyib ki, Azərbaycan regiona sülh gətirəcək yolların təbliğinə çalışıb və çalışacaq da:
“İnanıram ki, Ermənistanın yeni rəhbərliyinin ölkənin yenidən qurulması planlarını həyata keçirmək üçün yeganə yol münaqişənin tənzimlənməsindən keçir. Ancaq bunun üçün bu ərazilərdən çıxmaq və 100 minlərlə azərbaycanlıya öz torpağına qayıtmağa imkan vermək lazımdır. Bu məsələdə daha çox anlayış olacağına ümid var. Lakin mən bunu öncədən görə bilmərəm, bunu vaxt göstərəcək”.