KİVDF saytların maliyyələşdirilməsinin ilkin şərtlərini açıqladı:”Saytın ofisi, işçisi olmalı, müxbirləri eksklüziv xəbərlər, yazılar hazırlamalıdır”

0
7
“Qəzetlərin və saytların maliyyələşməsi prosesində dəyişikliklər olacağı gözlənilir”.

Strateq.az xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.

O bildirib ki, gələn ilin ikinci rübündən qəzetlərin maliyyələşməsi prosesində dəyişikliklər olacağı istisna deyil: “Bəzi qəzetlər ancaq agentlik materialları əsasında hazırlanır. Yetəri qədər işçisi yoxdur. Belə məqamlar da nəzərə alınacaq. Bu nəşrlərə cəmiyyətdə tələb və ehtiyac yoxdur”.

V. Səfərli bildirib ki, onlayn medianın maliyyələşməsi diqqət mərkəzindədir: “Bu xüsusda müzakirələr aparılır. Bu məsələdə də işçi sayı və digər məsələlər nəzərdə tutulur. Kimsə üç-dörd sayt açıb evdən idarə edirsə, bu saytlara, təbii ki, maliyyə ayrılması gözlənilmir. Saytın ofisi, işçisi olmalı, həmin onlayn medianın müxbirləri tərəfindən eksklüziv xəbərlər, yazılar hazırlanmalıdır. Bu məsələlər mütləq onlayn medianın maliyyələşməsində nəzərə alınacaq”.