Məhkəmə Əli Kərimlinin apellyasiya şikayətini təmin etmədi –2500 manatlıq cərimə qüvvəsində qaldı

0
4
Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin 2500 manat cərimələnməsi barədə məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.

Milletim.info Azadlıq Radiosuna istinadən bildirir ki, məhkəmədə Ə.Kərimli özü iştirak etməyib. Vəkili Fuad Ağayev çıxış edib, deyib ki, noyabrın 17-də Ə.Kərimlinin saxlanması qanunsuz olduğu kimi, onun haqqında məhkəmə qərarı da əsassızdır və ləğv olunmalıdır. Müdafiəçi bildirib ki, Ə.Kərimli icazəsiz yürüşün təşkilində günahlandırılır, lakin həmin gün onun özü və başqa cəbhəçilər yürüş keçirməyib. Onlar Milli Dirçəliş gününün 30 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmək istəyiblər. Bu isə yürüş kimi təqdim oluna bilməz.

F.Ağayev məhkəmədə Şəhidlər Xiyabanı ətrafında olan video-müşahidə kameralarının görüntülərinin alınıb araşdırılması barədə də vəsatət qaldırıb. Hakim Qədim Babayev vəsatəti təmin etməyib.

Vəkilin çıxışı başa çatandan sonra bir dəqiqəlik müşavirədə olan hakim geri qayıdaraq, Ə.Kərimli haqqında qərarın qüvvədə saxlandığını, apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

Vəkil F.Ağayev AzadlıqRadiosuna bildirib ki, Ə.Kərimli ilə məsləhətləşmələrdən sonra növbəti hüquqi addımlar atılacaq. AXCP-dən isə bildirilib ki, Ə.Kərimli bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaq niyyətindədir.