Qubad İbadoğlu:”Hökumətin könlündən manatın devalvasiyası keçir”

0
8
İqtisadçı alim Qubad İbadoğlu maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı son açıqlamasını şərh edib.

Xatırladaq ki, nazir manatın kəskin möhkəmlənməsinin ixraca mənfi təsir etdiyini bildirib. “Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” – deyə S. Şərifov qeyd edib. 

Qubad İbadoğlunun şərhini oxuculara təqdim edirik: “Birincisi, onu qeyd edim ki, dünya bazarında neftin qiyməti ucuzlaşmaya başlayanda Bakıda rəsmilərin könlündən manatın yenidən devalvasiyası keçir. Əslində, bu xüsusilə büdcənin doldurulması baxımından asan və cəlbedicidir. Gəlin, sadə bir hesablama aparaq: Bu günlərdə təsdiq olunmuş 2019-cu ilin büdcəsinə Dövlət Neft Fondundan (DNF) 11 milyard 364 milyon manat vəsait transfer olunacaq. Bilirsiniz ki, DNF-yə vəsaitlər dollarla daxil olur. Bu isə o deməkdir ki, manatın məzənnəsi gələn il sabit qalarsa, onda DNF-dən transfer 6 milyard 685 milyon dolların (11.364 mln. manat/1.7 manat) ekvivalentində olacaq. Əgər manatın məzənnəsi 1.7 AZN deyil, gələn il orta hesabla 1.8 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 6 milyard 313 milyon dollar, 1.9 AZN-ə qədər ucuzlaşarsa, onda DNF-nin büdcəyə transferi 5 milyard 981 milyon dollar, 2 AZN-ə qədər ucuzlaşarsa, onda Neft Fondunun büdcəyə transferi 5 milyard 682 milyon dollara qədər azala bilər. Bu isə təxminən 1 milyard dollara qənaət deməkdir.

İkincisi, Azərbaycan həqiqətən də bahali, lakin keyfiyyətsiz və təhlükəli idxal mallarının idxalı üçün cəlbedici ölkəyə çevrilir.
Nəhayət, manatın məzənnəsinin 1 il 7 aydır ki, durduğu yerdə qalması qeyri-neft ixracatının artım tempinin aşağı düşməsində əhəmiyyətli rol oynayır.

Bir sözlə, maliyyə naziri demək istəyir ki, manatın məzənnəsinin sabit saxlanılması siyasəti dəyişəcək. Onun nə qədər tez baş verməsi, həm də dünya bazarında neftin qiymət səviyyəsindən asılı olan məsələdir. 
Yeri gəlmişkən, onu da nəzərə almaq lazımdır ki, ilin sonu valyutaya tələbat artır. Bu gün DNF-nin ötən ayda valyuta satışları ilə bağlı gözlənilən açıqlaması da bir sıra mətləblərə aydınlıq gətirə bilər”.