Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasına velosipedlə gəlib.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın rusdilli “Neytralnıy Turkmenistan” qəzetinin yaydığı məlumata görə, dövlət başçısı səhər tezdən “Oğuzxan” saray kompleksindən Nazirlər Kabinetinin binasına velosipeddə gedib. Bununla da prezident sağlam və aktiv həyat tərzinin üstünlüyünü nümayiş etdirərək, insanlara əyani nümunə göstərib.
“Oğuzxan” saray kompleksi və Nazirlər Kabinetinin binası arasında bir neçə yüz metr məsafə var.
Hazırda Türkmənistanda velosipedə xüsusi münasibət göstərilir. BMT Baş Assambleyasının 72-ci sessiyasında Türkmənistanın təşəbbüsü ilə iyunun 3-nün Dünya Velosiped Günü elan olunması haqqında qərar qəbul edilib.