Baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.Sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə – 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə – 19 yaşdan, “CE” kateqoriyası üzrə – 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə – 23 yaşdan, “D1E” altkateqoriyası üzrə – 25 yaşdan veriləcək.
Bəs yeni qərar sürücülük vəsiqələrinin verilməsində hansı qaydaları dəyişəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, prosesdə ciddi dəyişiklik olmayacaq:
“Bu qərar prosesdə texniki xarakterli dəyişikliklər edəcək. Əsas məqsəd Azərbaycanda sürücülük vəsiqələri və onların verilməsi qaydalarını, sürücülük vəsiqələrinin məzmununu Yol hərəkəti haqqında Vyana Konvensiyasının son dəyişikliklərinə uyğunlaşdırmaqdır. Həmin dəyişikliklər 2004-cü ildə olmuşdu və 2011-ci ildə qüvvəyə minmişdi. Bu ilin əvvəlində Azərbaycanda “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edildi. Nazirlər Kabinetinin qərarı da indi həmin qanuna uyğunlaşdırılır. Qərara görə, gələn il yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanacaq. Yeniliklərdən biri odur ki, həmin vəsiqələrdə altkateqoriyalar olacaq”.
Ə.Hüseynov qeyd edib ki, yeni qaydalara görə, sürücülük vəsiqələrinin məzmununda dəyişiklik olacaq: “Azərbaycanda verilən sürücülük vəsiqələrində hərflərlə bağlı texniki problem var idi. Kateqoriya hərfləri arasında latın hərfləri olmayan hərflər var idi. Buna isə bəzi dövlətlərdə irad tutulurdu”.