Bu barədə “Credit Suisse maliyyə şirkətinin açıqladığı “Qlobal Sərvət Hesabatı”nda qeyd olunub.
Çindən başqa builki reytinqdə diqqətçəkən başqa bir məqam Birləşmiş Ştatlarda ailə təsərrüfatlarının sərvətinin davamlı artmasıdır. 2008-ci ildən bəri Birləşmiş Ştatlarda ümumi sərvət və adambaşına düşən sərvət ilbəil artıb. Amma dünyada qlobal sərvətdə 2014-2015-ci illərdə əks tendensiya gedib. Birləşmiş Ştatlarda ultra-zənginlərin sayı 70 min 540, Çində 16 min 510, Almaniyada 6 min 320 nəfərdir.
Dünyada sərvəti 50 milyondan artıq 150 minədək adam var. Onlardan 50 mininin sərvəti 100 milyondan, 4 min 390 nəfərin aktivləri isə 500 milyondan çoxdur.
2018-ci ilin ortasınadək 12 ay ərzində dünyada cəmi sərvətin 14 trilyon dollar artaraq 317 trilyon dollara çatdığı bildirilir, bu, 4,6 faizlik artım deməkdir. Adambaşına sərvət isə 3,2% yüksəlib.
“The Guardian” yazır ki, ötən il Britaniyanın ultra-varlıları 400 nəfər artıb. İndi bu ölkədə sərvəti 50 milyon dollardan (38 milyon funt-sterlinq) artıq 5 minədək adam var.
Ortabab britaniyalının sərvəti isə, mülkiyyəti daxil olmaqla, cəmi 1% artaraq 213 min funt-sterlinq olub. Hesabatın müəllifi, iqtisadçı “Anthony Shorrocks” varlıların sərvətinin sürətlə artmasını onların sərmayəsinin səhm bazarlarından faydalanmasıyla izah edir. O, ölkədə sərvəti 50 milyondan az xeyli adamın olduğunu da vurğulayır.
Britaniyanın ən varlı adamı Ser Cim Ratkliffdir. O, Ineos neft-kimya şirkətinin qurucusu və rəhbəridir, ölkənin Avropa Birliyindən çıxması tərəfdarıdır. Var-dövləti 21 milyard dollardır. Bir neçə ay öncə Kraliça onu biznes və sərmayə sahəsindəki xidmətlərinə görə mükafatlandırıb. Amma Ratkliffin vergidən azad Monakoda yaşamağa hazırlaşdığı bildirilir. (Azadlıq Radiosu)