Putinin Azərbaycana səfərinin pərdəarxası:ekspertlər əsas müzakirə mövzusunun Qarabağ olacağını deyirlər

0
5
Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana gəlməlidir. Onun səfər zamanı Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının final oyunlarını da izləyəcəyi bildirilir. Yeri gəlmişkən, həmin gün Rusiya cüdoçuları da yarışmalıdırlar.

Putin özü isə cüdo üzrə 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir.

Rusiya dövlət başçısı eləcə də Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etməlidir. Tədbirin məqsədi iki ölkənin regionları arasında işgüzar əməkdaşlığı genişləndirməkdir.

Amma gündəlikdə başlıca məsələ Dağlıq Qarabağ münaqişəsidir”, – deputat Rasim Musabəyov deyir.

“Əvvəlcə İlham Əliyev getdi, sonra Putin Paşinyanı çağırdı”

Bakıda bir çoxunda belə bir ümid yaranıb ki, son aylarda Moskva ilə Yerevanın münasibətlərində sezilən soyuqluq münaqişənin həllində Azərbaycanın xeyrinə dönüş yarada bilməsə də, bəzi müsbət dəyişikliklərə yol aça bilər.

“Əvvəlcə İlham Əliyev Soçiyə getdi, daha sonra Putin Pashinianı çağırdı. İndi də Pitin Bakıya gəlir, daha sonra Yerevana gedəcək. Ümid var ki, konfliktin həlli istiqamətində hansısa səylər göstərəcək. Şanslar varsa bundan istifadə etmək lazımdır”, – deputat bildirir.

İzolyasiyadakı Rusiyanın “pozitivlik ehtiyacı”

Hərçənd Rasim Musabəyov ilin sonuna qədər münaqişənin həllində ciddi addım atılacağını güman etmir, o, mer seçkilərindən sonra Ermənistanın parlament seçkilərinə gedəcəyini düşünür. Bu durumda Ermənistanın baş naziri Paşinyanın seçki öncəsi məsuliyyəti boynuna çəkib sənəd imzalamasını inandırıcı saymır. Ancaq bununla belə, Rusiyanın Yerevana təzyiq göstərəcəyini də istisna etmir.

“O biri tərəfdən, Rusiya özü də izolyasiyadadır, pozitiv addımlar atmağa ehtiyacı var. Rusiya və İran ağır vəziyyətə düşməsəydilər, çətin ki, Xəzərin statusu ilə bağlı bu il sənəd imzalanaydı. Ehtimal etmək olar, mümkündür ki, Qarabağ konfliktinin həlli istiqamətində nəsə pozitiv bir addım atılsın. Ona görə də işləmək lazımdır”.

Siyasi icmalçı Rauf Mirqədirov isə nikbin düşünmür. Onun fikrincə, indiki halda Dağlıq Qarabağ münaqişəsinin həllinin dəyəri Azərbaycan və Ermənistan üçün müstəqilliyi itirməkdir:

“Putin həm Azərbaycana, həm də Ermənistana təzyiq mexanizmini işə salıb. Moskva Azərbaycanın Rusiyaya inteqrasiyasında maraqlıdır, söhbət indilik Kollektiv Təhlükəsizlik Müqaviləsinə, Avrasiya İttifaqına qoşulmaqdan gedir. Məqsəd də Rus imperiyasını bərpa etmək, qopmuş torpaqları qaytarmaqdır”, – siyasi icmalçı deyir.

“Tendensiya belədir ki, Bakı Moskva ilə yaxınlaşır”

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə indiki məqamda Moskvayla bağlı gözləntilərin əbəs yerə yaranmadığı qənaətindədir:

“Uzun zamandır biz gözləyirik ki, Rusiya nüfuzundan istifadə edib Qarabağ münaqişəsinin həllində müsbət addım atsın. Ermənistandakı son hadisələr bu ümidləri puç edir. Rusiya da başa düşür ki, irəliləyiş olmasa Azərbaycan-Rusiya əlaqələri, regionda sabitlik təhlükə altına düşə bilər. Bu baxımdan indiki səfər vacibdir. Rusiyanın mövqeyi daha da dəqiqləşir. Tendensiya belədir ki, Bakı Moskva ilə yaxınlaşır, Moskva Yerevanla uzaqlaşır. Bu hansı nəticələrə gətirib çıxaracaq onu gözləyirik və ümid edirik ki, bu istiqamətdə gedən işlərə təkan verəcək”, – keçmiş nazir ehtimalını bölüşür.

Putinin “gülməli ”səfər amili

Siyasi icmalçı Rauf Mirqədirov Rusiya prezidentinin Azərbaycana səfərinin bir neçə amili ola biləcəyini söyləyir:

“Birinci amil gülməli də olsa, rus xalqının xoşuna gəlməsə də Vladimir Putinin xarici səfərlərlə bağlı probleminin olmasıdır. Son bir neçə ildə ilk dəfə Almaniya kansleri Angela Merkel onu dəvət etdi. Ümumilikdə Şərqi Avropanı demirəm, amma Qərbi Avropa dövlət liderləri onunla görüşdən çəkinirlər. Putinlə eyni masada oturmağı özünə hörmətsizlik hesab edənlər üçün onunla görüşmək məqbul deyil. Hamı bilir ki, o, Böyük Britaniyada kəşfiyyatçının öldürülməsi məqsədilə qadağan edilmiş kimyəvi silahın işlədilməsinə icazə verib. Supergüc liderləri isə Rusiya dövlət başçısı ilə məcburiyyətdən görüşürülər”.

 

Rauf Mirqədirov deyir ki, Azərbaycan rəhbəri İlham Əliyev də Putinlə eyni masa arxasında oturmağa məcburdur, çünki “güclü, nüvə silahı olan” Rusiya ilə qonşudur, üstəlik də Dağlıq Qarabağ münaqişəsinin həlli onun əlindədir. Amma siyasi şərhçi ehtiyatlı olmağı vacib sayır, sanksiyalarla üzləşən Rusiyadan silah, hərbi texnika almağı dayandırmağın zəruri olduğunu qeyd edir.

Deputat Rasim Musabəyov bu yanaşmanın özünü məqbul saymır:

“Azərbaycan Rusiya ilə qonşudur. Macarıstanın Rusiya ilə sərhədi yoxdur, Avropa Birliyinin, NATO-nun üzvüdür, amma sağına-soluna baxmadan durub Moskvaya gəlir. Və ya Türkiyə prezidenti Ərdogan Putin-lə görüşür, konkret problemləri həll edir. Bu durumda Azərbaycan kimdən çəkinməlidir? ABŞ, Avropa hansı problemlərimizin ucundan tutur, deyir ki, gəlin həll edək?”

Rasim Musabəyov güman edir ki, Azərbaycan sadəcə, indiki halda praqmatik şəkildə problemlərinin həlli ilə məşğuldur, amma alınacaq-alınmayacaq, o, başqa məsələdir.

(Azadlıq radsiosu)