Bu gün Məhərrəmlik ayı başlayır

0
5

Bu gün, sentyabrın 11-dən, Azərbaycanda Hicri təqvimi ilə Məhərrəm ayı başlayıb

Məhərrəm ayı İslam tarixində daha çox Aşura hadisələri ilə xatırlanır. Miladi təqvimlə 680-ci ildə Əməvi xilafət qoşunları İraqın Kərbəla çölündə Məhəmməd (s.ə.s) peyğəmbərin nəvəsi, İmam Əli (ə) və Həzrət Fatimənin (s.ə) oğlu, İmam Hüseyn (ə) və 100-ə yaxın tərəfdarı ilə birlikdə qətlə yetirib.

Bu ayın 10-cü günü – Aşura sentyabrın 20-nə təsadüf edəcək. Səfər ayı isə oktyabrın 11-də başlayacaq və noyabrın 8-də bitəcək.

ilafət ordusu 61-ci hicri ilinin ilk ayının ilk günlərində İmam Hüseyn (ə) və tərəfdarlarını mühasirəyə alaraq xəlifə Yezidə beyət etməsini (hakimiyyətini qəbul etməsini) tələb edirlər. Hüseyn (ə) və tərəfdarları təslim olmağa məcbur etmək üçün Şam qoşunları suyun qarşısını kəsirlər. Ancaq ölüm təhlükəsi, dözülməz istilər və şiddətli susuzluq Hüseyn (ə) və tərəfdarlarını sındıra bilmir. Nəhayət, Məhərrəm ayının 10-da (ərəbcə “əşərə”, Aşura) bəzi mənbələrə görə 4, başqa mənbələrə görə, 30 min nəfərlik xilafət ordusu son 3 günü susuz mühasirədə qalan İmam Hüseyn (ə) və 72 nəfər tərəfdarına hücum edir. Günortaya qədər Şam ordusu Həzrət Hüseyn (ə) başda olmaqla, bütün tərəfdarlarını (İmam Hüseynin (ə) ortancıl oğlu, həmin vaxt ağır xəstə olan Əli ibn Hüseyndən başqa bütün kişiləri) qətlə yetirir. Şəhidlərin başları nizələrə taxılaraq sağ saxlanılan qadın və qızlarla birlikdə əsir kimi, əvvəlcə Kufə şəhərinə, daha sonra yol üstündə bütün şəhərlərdə nümayiş oluna-oluna xilafətin paytaxtı Dəməşqə (o zamankı adı ilə Şam) aparılır…
Ancaq Kərbəla hadisəsi aralarında Peyğəmbər ailəsinin üzvlərinin və İmam Hüseynin də olduğu 72 nəfərin qətlə yetirilməsi hadisəsindən ibarət deyil. Aşura İslama yeni bir nəfəs gətirdi. İmam Hüseyn (ə) hərəkatı dini dəyərləri şəxsi maraqları və dünya istəklərinə tabe etməyə çalışan qrupların İslam dininin əsaslarını sarsıtmasının qarşısını aldı. İmam Hüseyn hərəkatı “bizi idarə edənlər haqlıdırlar, onlara tabe olmaq ilahi vəzifədir” kimi süst ideyalara ciddi zərbə oldu. Və İslamda böyük bir müqavimət məktəbinin əsasını qoydu. O (ə) öz həyatını nümunə kimi göstərdi ki, haqq uğrunda savaşmaq ən böyük şərəfdir, hətta bütün dünya sənə qarşı dayansa belə.
Qeyd edək ki, müsəlman ölkələrində Məhərrəm ayı boyunca, xüsusən də Aşura (ərəbcə on sayını bildirir) günü İmam Hüseynin (ə) qətlə yetirilməsi xüsusi əza məclisləri ilə yad olunur. MəhərRəm ayının ilk 10 günü, o cümlədən əsasən də 9-cu (tasua) və 10-cu günlər böyük mərasimlərlə qeyd olunur. Dindar müsəlmanlar qətlə yetirilmiş azadlıqsevər möminləri, onların rəhbəri İmam Hüseyni (ə) matəm mərasimi ilə xatırlayırlar. Məhərrəm ayı mərasimlərində bir sıra əməllər icra olunsa da, onların bir qismi, o cümlədən bir sıra ölkələrdə geniş yayılmış baş yarma, özünə xəsarət yetirmə halları pislənir. Əksər İslam alimləri fətva verərək bu əməlləri pisləyib.