Adı böyük tikinti fırıldağına qarışan, iş adamı Sahib İbrahimov azadlığa buraxılıb.
Bu barədə musavat.com-a özəl mənbələrdən məlumat daxil olub.
Məlumata görə, zərərçəkənlərdən 21 nəfərin pulu geri ödənilib.
Onu da bildirək ki, Sahib İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları mətbuatda yer almışdı. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildirirdilər.
Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. Eyni zamanda Hacı İbrahim Nehrəmli kimi tanınan iş adamının da qardaşıdır. S. İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.