Türkiyə ilə ABŞ arasında gizli razılaşma niyə pozulub? –Vaşinqtonun sanksiya hədəsinin pərdəarxası

0
5

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdogan amerikalı həmkarının Ankaraya sanksiya hədəsini cavablandırıb. Donald Tramp demişdi ki, Türkiyə iki ildir həbsdə olan amerikalı keşiş Andrev Brunsonu buraxmasa, sanksiya ilə üzləşə bilər.

“Biz təzyiqə boyun əyməyəcəyik, Amerika isə vacib və vicdanlı tərəfdaşını itirmək riskinə gedir”, – Ərdogan Cənubi Afrika Respublikasına səfəri zamanı jurnalistlərə deyib.

O, “The Washington Post” qəzetinin yazdığını da təsdiqləyib. Qəzet yazmışdı ki, Donald Tramp onun xahişilə terrorçuluqda şübhəli bilinərək saxlanmış türkiyəlini buraxmağı İsraildən istəyib. Amma Ərdogan bunun əvəzində Brunsonu buraxacağını vəd etmədiyini deyib.

Vaşinqtonda düşünürdülər ki, tərəflər NATO-nun Brüssel sammitində belə bir razılıq əldə ediblər. Trampın İsrailin baş naziri Benyamin Netanyahudan xahişindən sonra 27 yaşlı Ebdu Ozkan azad olunaraq İsraildən çıxarılıb. O, Hamas qruplaşmasıyla əməkdaşlıqda ittiham olunurdu. Ancaq Brunsona qurulmuş məhkəmə sona çatdırılmayıb.

Andrev Brunson 20 ildən çox Türkiyədə yaşayıb. O, ötən həftə həbsdən buraxılsa da, məhkəmə istintaqı bitənədək ev dustağı edilib. Vaşinqton onun dərhal bəraət alacağını, yaxud sadəcə, vətəninə deportasiya olunacağını gözləyirdi. Brunson casusluqda, terrorçuluqda, 2016-cı ilin uğursuz çevriliş cəhdinə bağlılıqda ittiham olunur. Vaşinqton isə onun günahsız olduğunu deyir.

Brunsona ittihamlar təsdiqlənərsə, 35 ilədək həbsə məhkum edilə bilər.

Ötən həftə Tramp Brunsonun saxlanmasına görə Türkiyəni böyük sanksiyalarla hədələdi. Elə həmin gün vitse-prezident Mayk Pens də oxşar xəbərdarlıq etdi.

Ərdogan ötənilki çıxışlarının birində demişdi ki, Brunsonu bir halda buraxar – ABŞ da türkiyəli dissident Fətullah Güləni deportasiya edərsə. Ankara Güləni 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda suçlayır.

“Birləşmiş Ştatlar unutmamalıdır ki, münasibətini dəyişməsə, Türkiyə kimi güclü və səmimi tərəfdaşını itirəcək”, – Ərdogan deyib.

Ərdogan onu da vurğulayıb ki, Birləşmiş Ştatlar F-35 qırıcılarını Ankaraya verməkdən imtina edərsə, beynəlxalq məhkəməyə müraciət edə bilər.

(Azadlıq radiosu)