“Mən ölkəmizi tərifləməklə məşğulam” – İlham Əliyev

0
3
“Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycan-İtaliya biznes forumundakı çıxışında deyib. Prezident bildirib ki, bu, dünya miqyasında rekorddur: “Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.

Digər vacib istiqamət nəqliyyatla bağlıdır. Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq.

 

Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir.

Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər”.