Ölkədə baş verən faciələrin günahı mətbuatı boğanlarındır…

0
10

1

Ramiz Tağıyev

Ölkəmiz bir neçə gün ərzində yelkənsiz gəmiyə bənzəyirdi. Kimisi istidən, kimisi susuzluqdan, bəziləri də həyəcandan istiqaməti itirmiş kimi görünürdülər. İnformasiyasızlıq təşvişi, şaiyələri elə artırırdı ki, ölkə əhalisi kimə və nəyə inanacağını müəyyənləşdirmək də aciz idi. Fəaliyyətdə olan Kütləvi İnformasiya Vasitələrinin durumu isə daha faciəvidi. Onlar tərəfindən yayımlanan xəbərlərin əksəriyyəti bir-birini təkzib etdiyindən insanlar stres keçirirdi. Bəli, inkaredilməz faktdır ki, Azərbaycan adlı ölkəmizdə heç bir telekanal və ya qəzet birbaşa hadisə yerindən informasiya toplamaq, yayımlamaq hüququna malik deyil. Jurnalistlərin üzünə müəssisə və idarələrin qapısı çoxdan bağlanıb.Oralarda nələrin baş verdiyindən, işçilərin hansı şəraitdə çalışdığından, nə kimi hüquqlara malik olduqlarından tam məlumatsızlıqdı. Qəzetlərin, saytların yazdıqları harınlamış məmurların qulağında milçək vızıltısı effektindən savayı heç nəyə yaramır.

Əslində isə, ölkəni idarə edənlər üçün ən dəyərli informasiya mənbəyi KİV-lərdi. Yoxsa, hansı məmur süründürməçi ,zalım və ya rüşvətxor olduğu barədə səmimi etirafda bulunar? O da bir həqiqətdir ki, əlləri hər yerdən üzülmüş vətəndaşlar sonunda KİV-lərə üz tutub, dərdlərini jurnalistlərlə bölüşürlər. Təbii ki, indi vətəndaşların dərd-sərini işıqlandırmağa qadir çox az sayda jurnalist qalıb. Jurnalistlərin də “dərd-sərləri” var axı… Havayı mənzil almaq rəqabəti onları astagəllik etməyə, “yuxarılara” xidmət etməyə məcbur edib. Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyə vəsaiti almaq üçün bir çox qəzetlərin baş redaktorları əməkdaşlarına əməlli- başlı senzura da tətbiq ediblər.

Ölkə əhalisi demək olar ki, mətbuata inanmadığından, ayrılmış vəsait hesabına nəşr olunan qəzetlər makulaturadan savayı heç nəyə yaramır. Hələ də mübariz əzmini, həqiqəti, peşə şərəfini qoruyan jurnalistlərimiz yaxşı ki, vardılar. Bu sırada Aydın Canıyev, Sərdar Əlibəyli, Əfqan Sadıqov, Əvəz Zeynallı, Dəyanət Babayevin adlarını xatırlatmaq istərdim. Təəssüf ki, onların qarşısına daima sədd çəkilib, zaman-zaman həbsxana həyatı yaşamağa məhkum ediliblər. Bu gün də fəaliyyətlərini arzuladıqları səviyyədə qurmaq şəraitləri, imkanları məhduddu. Qadağalara baxmayaraq tənqidi yazılara imza atmaqdan çəkinməsələr də, təəssüf ki, faktlara istinadən yazdıqlarına dövlət strukturları tərəfindən diqqətə alınmır. Elə bəlalarımızın səbəbi də bundan qaynaqlanır.

2

3

4

Kimsənin ölümünə və ya faciəsinə heç bir zaman sevinmədim. Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə edilmiş sui-qəsdi də təqdir etməkdən çox uzağam. Bu heç də yaxşı ənənə deyil… Ancaq, gəlin araşdıraq, E.Vəliyevin heçmi suçu olmayıb? Onun vətəndaşlara kobud münasibətindən azmı yazılmışdı. Kim diqqətə aldı? Daima demişəm və bu gün də təkrar edirəm, Milləti sevgiylə, sayğıyla idarə etmək lazımdı.Vətəndaşı alçaltmaq olmaz, onun qüruruna toxunmaq olmaz, onun hüquqlarını tapdalamaq olmaz… Edəcəksənsə bir gün biri və ya bir milyonu vulkan kimi püskürüb , səni mütləq yandıracaq.

1

Elə bu günlərdə Prezident Administirasiyasının məsulu Vüsal İsayevin adı dələduzluqda hallanıb. Vətəndaşın 55 min manatını mənimsəməsi barədə məlumat yayılıb. Kimsənin tükü də tərpənmir. Nə gözləyirsiniz, “quyu”nun dibinə salınmış vətəndaş intiharmı etsin. Cinayətəmi əl atsın? Kim dinləməlidi, kim reaksiya verməlidi vətəndaşın naləsinə? Və yaxud, PS-Nota .com saytında sabiq millət vəkili , Baş Prokurorun sabiq müavini Mətləb Mütəllimlinin Sumqayıt İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun qanunsuz əməlləri barədə ciddi serial yazıları davam etməkdədir. Oxuduqca, mən bir vətəndaş kimi dəhşətə gəlirəm. Nələr baş verib, nələr baş verir ölkəmizdə? Qanunlar yalnız sıravi vətəndaşlara tətbiq edilməsi üçünmü yazılıb ? Məndən deməsi, cənablar, baş verən faciələr hamı üçün bir xəbərdarlıq olmalıdı. Taladınız ölkənin sərvətlərini, yetmədimi ? Onlarla villalara sahib oldunuz, yetmədimi? Yüzlərlə obyektləri mənimsədiniz, gözünüz doymadımı? Əzəli düşmənlərimiz ermənilərdən daha çox torpaqları “işğal” altına almısınız, bəsiniz olmadımı? Hər şey sizin olsun, cənab iqtidardakılar, ancaq Millətin şərəfini, ləyaqətini, qeyrətini alçatmağa baş vurmayın !!! İnsanların azad yaşamasına şərait yaradın!!! Azad sözdən, azad mətbuatdan xoflanmayın!!! Azad söz, azad ifadə, müstəqil mətbuat boğulacaqsa, cinayətkarlar,zalımlar, quldurlar, korrupsioner və rüşvətxorlar rahat nəfəs alacaqlar! Bunu da mən dedim…