Bölgələrdə “od tutub yanan” otellər:150 manatdan 6 minədək dəyişən qiymətlər – Araşdırma

0
5

“Cənubi Azərbaycandan olan turistlər Qubada qaldıqları oteldə nişan üçün şəkil çəkdirmək istəyib. Oteldən bildirilib ki, bunun üçün əlavə 150 manat ödənilməlidir. Onlar da narazı halda geri qayıdıblar”. 

Əfsuslar olsun ki, son illər turizm sektorunun inkişafına önəm verən ölkəmizdə bu kimi hallar tez-tez yaşanır. Xüsusilə də, İran və Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərə qiymətlər daha yüksək təqdim olunur ki, bu da haqlı narazılıqlara səbəb olur.

Bəs otel və qonaq evlərində qiymətlər və xidmət turistləri razı sala bilirmi?

“Qafqazinfo” bu suala cavab tapmaq üçün “booking.com” internet resursundan istifadə edib.

Hər kəsin qaldığı məkanı rahat bir şəkildə dəyərləndirə bildiyi, gördüyü çatışmazlıq və razı qaldığı məqamları yazmaqdan çəkinmədiyi bu resurs gələcək turistlərə bir növ bələdçi funksiyasını da daşıyır.

Ümumi götürdükdə dəyərləndirmələrdən o nəticəyə gələ bilərik ki, təmizlik, xidmət və məkan baxımından otellərimiz turistlər tərəfindən yüksək qiymətləndirilsə də, qiymətlər büdcələrə o qədər də uyğun gəlməyib. Odur ki, çox insan göstərilən xidmət müqabilində tələb olunan məbləğin yüksək olduğu qənaətindədir.

İndi isə müxtəlif regionlarımızda otel və qonaq evlərinin qiymətlərinə nəzər salaq:

Quba Palace Hoteldə təqdim olunan iki nəfərlik ən aşağı büdcəli otaqların qiyməti gecəlik 305 manatdır. Bu qiymətə səhər və axşam yeməyi də daxildir.

Bundan başqa, şirkət gecəlik qiyməti 1000-2000 manata xüsusi hovuzlu villalar da təklif edir. Prezident Suitinin qiyməti isə 6 min manatdır.

Maraqlıdır ki, qiymətlər elə də uyğun olmasa da, otel turistlərin diqqətini cəlb edə bilib və indidən yay ayları üçün əksər otaqlar rezerv olunub.

Qubada təklif olunan başqa bir otel “Oskar” istər ulduz, istərsə də infrastuktur baxımından yuxarıda qeyd etdiyimiz təsisdən xeyli geridə olsa da, təklif etdiyi uyğun büdcə ilə turistlərin könlünə yol tapa bilib. Belə ki, oteldə iki nəfərlik otaqlarda gecələmək üçün ən ucuz qiymət 25 manatdır. Qiymətlərlə yanaşı, otelin mərkəzdə yerləşməsi, göstərilən xidmət də qonaqlar tərəfindən yüksək qiymətləndirib.

Hazırda yerli və xarici turistlərin səyahət üçün marağında olan ərazilərdən biri də  İsmayıllı rayonunun İvanovka kəndidir. Odur ki, kənddə xeyli sayda qonaq evi təklif olunur. Onlardan biri olan “İvanovka guest House” booking-də yerləşdiyi ərazini çox gözəl təqdim edib. Qonaq evi həm xidmət, həm də yerləşdiyi məkan baxımından qonaqlar tərəfindən mükəmməl qiymətləndirilib. Qiymətlərə gəldikdə isə, otaqlar bir nəfər üçün 41 manat 36 qəpik, iki nəfər üçün isə 47 manata təklif olunub.

Qafqaz Hotel&Resort qrupuna daxil olan otellərdən “Qafqaz Tufandag Mountain Resort Hotel”iki nəfərlik otaq 242 manat 20 qəpiyə təklif olunur. Yay ayları üçün xeyli sayda rezervasiya alan otelin qiymətləri kimi, reputasiyası da xeyli yüksəkdir. Belə ki, xarici qonaqlar oteldəki xidmətləri möhtəşəm olaraq dəyərləndirib.

Bundan başqa, otel 1500- 4000 manat aralığında villa və suit otaqlar da təklif edir.

Digər 5 ulduzlu otellərdə isə qiymət aşağıdakı kimi təqdim olunur:

Şəki 5 ulduzlu Marxal Resort & Spa –  iki nəfərlik otaq 216 manat.

Qax 5 ulduzlu El Resort Hotel – iki nəfərlik otaq 158 manat

Qusar Olimpic Cottages – iki nəfərlik kotec 117 manat

Lənkəran 5 ulduzlu Khazar Palace Hotel – iki nəfərlik otaq 110-150 manat

Astara 4 ulduzlu Hotel Forest Beach – 1 nəfər üçün hər şey daxil gecəlik qiymət 128 manat

Adlarını çəkdiyimiz otellər xidmət və rahatlıq baxımından qonaqlar tərəfindən yüksək bal toplaya bilib. Belə ki, qiymətləndirmələrə görə, ortalama nəticə 8,5 baldır.

Şəkililər öz şirin ləhcələri və qonaqpərvərlikləri ilə turistlərin də qəlbinə yol tapa bilib. Aşıq Cuma küçəsi 8 ünvanında yerləşən qonaq evi səhər yeməyi daxil olmaqla iki nəfərlik otağı 18 manata təklif edir. Bundan başqa, müasir rəsm əsərləri ilə bəzədilmiş otaqların olması gənc səyahətçiləri özünə cəlb edir.

Bölgələrdə ev qiymətlərinə nəzər saldıqda isə, bir ailə və ya qrup üçün gecəlik qiymət 50-400 manat arasında dəyişir. Bir həftədən çox qalanlara endirim nəzərdə tutulsa da, yay aylarında qiymət təqribən iki qat baha hesablanır.