Azərbaycanda vergi inzibatçılığı və qanunvericilikdə islahatlar həyata keçiriləcək. Amma biznes strukturunun bu islahatlardan məmnunluğu onların öz bizneslərini hansı dərəcədə şəffaf həyata keçirməsindən asılıdır.
“Report” xəbər verir ki, bunu Aİ-Azərbaycan biznes forumunda çıxış edən Azərbaycan vergilər naziri Mikayıl Cabbarov deyib. M.Cabbarovun sözlərinə görə, fəal vergi ödəyicilərinin cəmi 3%-i ƏDV ödəyicisidir:”Məndə olan məlumata görə, burada olan biznes nümayəndələrinin 60-70%-i ƏDV ödəyicisi kimi qeydiyyatdadır. Biz Nazirlik olaraq 3 böyük problemlə qarşılaşırıq: dövriyyə, hesabatlılıq və əmək haqqlarının qeydiyyatında ciddi azaltmalar“. O, çıxışında bu ilin ilk 4 ayında səyyar vergi yoxlamalarının ötən ilin müvafiq dövrünə nisbətən 40% azaldığını bildirib.
Nazir qeyd edib ki, Vergilər Nazirliyi özəl sektorda və qeyri-neft sektorunda ümumi vergi yükünün azaldılması üçün müəyyən addımlar atmağı planlaşdırır.