Bunu Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra mətbuata bəyanatında deyib.
“Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi ilə bağlı Bakıda mərasim keçirilib. Bu yol da çox böyük əhəmiyyətə malikdir. Bu yolun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır. Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük. Hesab edirəm, bizim müvafiq qurumlarımız bu məsələ ilə bağlı artıq danışıqlara başlaya bilərlər ki, biz yükdaşımalarını artıra bilək. Beləliklə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri geniş əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, turizmin inkişafına təkan verəcək, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və beləliklə, bölgəmizdə, Avrasiya məkanında sabitliyi möhkəmləndirəcək, təhlükəsizliyi təmin edəcək”, – deyə o vurğulayıb.
Azərbaycan prezidenti qeyd edib ki, bu gün müzakirə olunan məsələlər arasında bizim iqtisadi əməkdaşlıq məsələləri geniş yer alıb: “Biz bu istiqamətdə atılan addımları yüksək qiymətləndiririk. Ancaq, eyni zamanda, tam əminik ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir. Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var”.