15 dəqiqəyə min manat qazandığını deyən “Azer City” adlı marketin sahibi işçisinin əmək haqqını niyə vermir? – VİDEO

0
3
Vətəndaş Rüstəmov Kamil Tərlan oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək, rastlaşdığı qanunsuzluqdan şikayət edib.  Vətandaşın redaksiyamıza təqdim etdiyi videomüraciətdə deyilir ki,  onun qızı Rüstəmova Aylin Kamil qızı son bir il müddətində Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyib. Şikayətçi bildirir ki, həmin marketin sahibi əslən Laçın rayonundan olan Əliyev Azər adlı şəxs onun qızının 2 ay yarımlıq əmək haqqını vermir:

“Səbəbini belə izah edir ki, mənim qızım nə vaxtsa 15 dəqiqə işə keçikib.  Buna görə onun əmək haqqından 50 manat kəsmək istəyib. Qızım buna etiraz edəndə, onunla kobud danışıb. Nəticədə qızım çox ağır, stresli vəziyyətdə ağlıya-ağlıya evə gəlib.  Mən dəfələrlə həmin marketin rəhbərliyinə müraciət etsəm də, qızımın halal maaşını ala bilmirəm. Sonuncu dəfə marketin müdiri Azər müəllimin yanında 16 may tarixində oldum. O, mənimlə çox kobud davrandı və bildirdi ki, qızım 15 dəqiqə işə keçikməklə ona  min manat ziyan vurub. Mən bilirəm ki, bunların hamısı bəhanədir. O, sadəcə mənim qızımın alın zəhməti ilə  qazandığı pulu mənimsəmək istəyir. Siz təsəvvür edin ki, mənim qızım əvvəl işə  səhər saat 7-də gedib, axşam 11-də çıxırdı. Bu 16 saat edir. Belə iş rejimi harda var? Bu, birbaşa Əmək Məcəlləsinin tələblərinin pozulması anlamına gəlir.  16 saatlıq gərgin işə görə, ona 400 manat əmək haqqı verirdilər.  Mən gedib etiraz etdim,  bundan sonra qızım 200 manat maaş müqabilində səhər saat 7-dən günorta saat 2-yə kimi işləməyə başladı. Mən Azər Əliyevin bu özbaşınalığına görəndən sonra, rəsmi qurumlara şikayət etmək qərarına gəldim. Həmin zaman qızım mənə dedi ki, onunla market arasında heç bir əmək müqaviləsi bağlanmayıb.  Demək ki, mənim qızım bir il müddətində orada  rəsmiləşdirilmədən çalışıb”.

Şikayətçi bildirir ki, Azər Əliyev son söz olaraq ona deyib ki,  hara istəyirsə şikayət etsin,  bir qəpik də olsun pul verən deyil:

“Biz hüquqi dövlətdə yaşayırıq. Bu adam nəyə arxayındır ki, belə dərəbəylik edir? Mən bütün Kütləvi İnformasiya Vasitələrindən xahiş editrəm ki, bu məsələni ictimailəşdirsinlər.  Üzümü rəsmi dövlət qurumlarına tutub, xahiş edirəm ki, bu adamın fəaliyyətini araşdırsınlar. Necə ola billir ki, həmin marketdə işçilər əmək müqaviləsi olmadan çalışırlar. Azər Əliyev mənə deyir ki, o, 15 dəqiqəyə  min manat  qazanır. Maraqlıdır, həmin marketdə nə satılır ki, belə yüksək qazanc əldə olunur? Mən öz hüquqlarımı bütün  qanuni vasitələrdən istifadə edərək qoruyacam və əminəm ki, haqq-ədalət öz yerini tapacaq”.

Vətəndaşın şikayəti ilə bağlı sözügedən marketlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. İnternet üzərindən sözügedən marketlə bağlı verdiyimiz sorğular nəticəsində çıxan əlaqə vasitələri bizə market rəhbərilyi ilə əlaqə saxlamaq imkanını yaratmadı. Mövzu ilə bağlı Azər Əliyevin də mövqeyini dinləməyə hazırıq.

Rövşən, Azinforum.az