Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.
Məhkəmıdə Habil Vəliyevin daha bir vəkili- Zaur İbadov müdafiə çıxışı edib.
Vəkil Habil Vəliyev barəsində bəraət hökmü çıxarılmasını istəyib. Müdafiəçi bildirib ki, Habil Vəliyevə qarşı irəli sürülmüş ittihamlar əsassız və quramadır: “İstintaq orqanın şiçirdilmiş itthamı məhkəmə istintaqı dövründə araşdırıldı və heç bir sübuta əsaslançadığı aydın oldu. Bu ittihamlar vaxtı ilə Habil Vəliyevin konkret faktlara əsaslanaraq barələrində yazılar dərc etdiyi şəxslərin indi ona qarşı olan ittihamıdır. Biz müvəkkilimiz barəsində bəraət hökmü çıxarılmasını istəyirik”.
Məhkəmə Habil Vəliyevə də son söz verib.
Özünü təqsirli bilmədiyini deyən H.Vəliyev soz sözə belə başlayıb: “Bu ifadəmə görə üzr istəyirəm. Amma mən son sözü Allah qarşısında deyəcəm. Mən istintaqda da demişəm ki, özümü təqsirli bilmirəm. Bilməmişəm də. Uzun illər Allahın hüzurunda olan, ona borcunu ödəyən şəxs başqasının malına göz dikməz. Mən bunları etməmişəm. Dinimizdə də, kitablarımızda da bunlar yazır. Gərək insan Allah qarşısında yıxılmasın.
Mən məhkəmədən ədalətli qərar gözləyirəm. Ulu öndər Heydər Əliyev də tikilən məhkəmə binalarına baxanda deyirdi ki, bu binalar ədalət saraylarıdır. Mən də burada ədalət mühakiməsinin doğru aparılacağına, ədalətli qərar çıxarılacağına ümid edirəm.
Məni həbs edənlər də, mən də hakimiyyətin üzvləriyik. 22 il idi ki, seçki komissiyasının sədri idim. İndiyə qədər etdiyim xidmətləri və mənə qarşı edilənləri tərəzinin gözünə qoya bilmirəm. İttihamlara baxıram, gülə də bilmirəm. O qədər təəccüblənirəm ki.
Mərdi qova-qova namərd edirlər. Mən istəyirəm ki, cəza təyin edərkən mənim keçmişimə, fəaliyyətimə də qiymət verilsin. Mən Azərbaycanın vətəndaşıyam, hüquqlarım var. Mən həmişə iqtidarın yanında olmuşam. Mən o jurnalistlərdən deyiləm ki, ayağım çölə dəyən kimi gedib iqtidarın əleyhinə yazı yazım. Mən həmişə hökumətə xidmət etmişəm.
Azərbaycanda yeganə qəzet “Gündəlik Bakı”dır ki, gündə iki dəfə çap edilib. Bu “Əkinçi” qəzetindən bu vaxta qədər ilkdir. Kimsə eşidə bilməz ki, bircə dəfə də olsun qəzetində iqtidarın əleyhinə yazı yazım. Mən həbsdə olandan həmişə deyirəm ki, göydə Allah, yerdə cənab prezidentimizdən kömək istəyirəm. 25 il iqtidara xidmət etmişəm.
Allah eləməsin, düşünürəm ki, əgər iqtidar dəyişsə, məni yenə həbs edəcəklər. Bəs, mən bu qədər xidməti niyə etmişəm? Mən həbsimin səbəbini indiyə qədər də başa düşmürəm. Niyə, nə üçün həbs edilmişəm? Mən istintaqı başa düşürəm, məni həbs edən orqana da təşəkkür edirəm. Allah məni şərləyib həbs edənlərin cəzasını versin. 20 ildir ibadət edirəm. Qoy onların cəzasını Allah versin. Məhkəmədən ədalətli qərar veriləcəyini gözləyirəm”.
H.Vəliyev məhkəmədən xahiş edib ki, üzərinə həbs qoyulan əmlakları ailəsinə qaytarılsın.
Məhkəmə hökmü qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən hökmə əsasən H.Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Ona ittiham edildiyi maddə ilə minimum həddə cəza təyin edilib. Mənzilinə qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.
DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.