Baş nazir:“Azərbaycan həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələri uğurla davam etdirir”

0
9
Bu gün Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkədə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

“Report”un xəbərinə görə, görüşdə ABŞ Konqresinin nümayəndələrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Baş nazir bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Novruz Məmmədov səfərin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər ətrafında müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb. İki ölkə arasındakı münasibətlərə toxunan Baş nazir müstəqil Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çox yaxşı əlaqələrin olduğunu bildirib: “Münasibətlərimiz bu gün də uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur”.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. “Bu gün demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan həmin yola sadiqdir. Həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələri uğurla davam etdirir”,- Azərbaycanın Baş naziri vurğulayıb.

Hazırda beynəlxalq aləmdə geosiyasi gərginliklərin müşahidə edildiyini bildirən Baş nazir Azərbaycanın yerləşdiyi regionun da geosiyasi baxımdan dünyanın mürəkkəb bölgələrdən biri olduğunu diqqətə çatdırıb.