Moderator.az bildirir ki, bu haqda ingilisdilli yerli “GulfNews” nəşri xəbər yayıb.
33 yaşlı Məkkə sakini, narkotik maddələrin təsiriylə 3 və 6 yaş arasındakı üç qızının başını kəsib. Bütün bunlar özü də bıçaq yaralarına məruz qalmış ananın gözü qarşısında baş verib. Qadın sağ qalıb və xəstəxanaya yerləşdirilib. Ancaq faciə anada ağır sinir böhranı yaradıb.
Qatil evdən qışqırtı səsləri eşidən qonşularından birinin polisə zəng etməsindən sonra həbs edilib. Polis gəlincə qatil ata evdən çıxıb ən yaxın mağazaya gedib və sonra fasiləsiz olaraq şüşədən su içərək küçədə gəzməyə başlayıb. Görünür, qəbul etdiyi narkotik ağlını o dərəcədə aparıb ki, nə etdiyinin fərqində olmayıb.
Bu zaman qonşu ona yaxınlaşıb evində nə baş verdiyini soruşub. Üzdəniraq ata qonşusunu evə daxil olaraq “hər şeyin qaydasında olduğuna əmin olduğunu görməyə” dəvət edib. Digər şahidlərlə birlikdə qonşu evə girib və qan gölü içində olan qızcığazları görüb.
Polis cinayət törətmiş məxluqun bir neçə gün yatmadığını və narkotik qəbul etdiyini aşkarlayıb.
Bildiyiniz kimi, beyni dumanlandıran hər hansı spirt, narkotik və ya digər maddənin qəbulu Allah buyruqlarına, Quran ayələrinə uyğun olaraq İslam şəriəti tərəfindən qadağan edilir. Çünki həmin maddələrin təsiri altında olan bir şəxs insan simasını itirərək nəticəsi bilinməyən hərəkətlər edə bilər.