İntihar etmiş MTN polkovnikinin əmlakı ailəsinə qaytarılmadı –Məhkəmə qərarı

0
3
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin intihar etmiş rəis müavini, polkovnik İlqar Əliyevə və ailə üzvlərinə məxsus olan əmlakların geri qaytarılması barədə verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə əmlakın onun ailə üzvlərinə qaytarılması barədə şikayəti əsassız hesab edib.

Bakı Hərbi Məhkəməsi Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsində çıxardığı hökmdə həmin şəxslərlə yanaşı İ. Əliyevin də əmlaklarına həbs qoymuşdu. İ.Əliyevin ailə üzvləri qərardan apellyasiya şikayəti vermişdi.

Məhkəmə isə İ. Əliyev və onun ailə üzvlərinə məxsus əmlakların cinayət yolu ilə əldə edildiyini hesab edib

Xatırladaq ki, İ.Əliyev 2015-ci il oktyabrında həbs edilib. O, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib. Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokurorluqda davam etdirilib.

İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakların üzərinə həbs qoyulub.

İ.Əliyevin intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib.

Onu da əlavə edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların apellyasiya şikayətini təmin etməyib.