Azərbaycanın yeni hökuməti: Kimlər olmayacaq?

0
14

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 7 illiyə ölkənin prezidenti seçildi. Ölkə Konstitusiyasına görə, prezident seçkilərindən sonrakı 14 gün ərzində Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləməlidir. Yəni, Konstitusiya Məhkəməsi ən geci 25 aprelə qədər seçkilərin nəticələri haqqında yekun qərarını verməlidir. Bu qərardan sonrakı 3 gün ərzində isə prezidentin andiçmə mərasimi baş tutacaq. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, İlham Əliyev səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefaya göndəriləcək.

Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir. Hazırda Nazirlər Kabinetinin tərkibini 7 nəfər İdarə Heyətinin üzvü, 18 nazirlik, 9 komitə, 2 administrasiya, 6 xidmət sahəsi təşkil edir. Maraqlıdır, istefaya göndəriləcək kabinet üzvlərindən kimlər komandaya qayıtmayacaq? Bununla bağlı maraqlı versiyalar var.

Əsədov yola salınır

“Qara siyahı”ya kənd təsərrüfatı naziri Heydər Əsədov başçılıq edir. Səslənən iddialara görə, Heydər Əsədov kənd təsərrüfatının inkişafı üçün hökumətin hazırladığı və ciddi maliyyə vəsaiti ayırdığı proqramların icrasının öhdəsindən gələ bilməyib. Statistik məlumatlara istinad etsək səslənən iddialarda həqiqət var. Digər tərəfdən Heydər Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. Bu da onun xeyrinə işləməyən amildir. Zamanında Heydər Əsədov qudasının yüksək nüfuzundan yetəri qədər yararlanıb. Digər tərəfdən Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin ümumiyyətlə ləğv olunacağı haddında məlumatlar səslənir. Uzun müddətdir sələnən bu iddialar kənd təsərrüfatı sahəsində Heydər Əsədov hegemonluğunun sona yaxınlaşdığını göstərir. Hökumət artıq 2 ildir ki, kənd təsərrüfatını prioritet elan etsə də, bu sektoru inkişaf etdirmək, Azərbaycanı aqrar ölkəyə çevirmək mümkün olmayıb. 2 il öncə olduğu kimi ölkə yenə də eyni ölçüdə idxaldan asılıdır. Bu da Heydər Əsədovun nazir postundan uzaqlaşdırılmasına əsas yaradan faktorlardan biridir.

Məmmədyarov “qara zolaqda”

Ölkənin xarici siyasətinə rəhbərlik edən Elmar Məmmədyarov da “qara zolağa” düşən kabinet üzvlərindədir. Qeyd edək ki, ölkənin xarici siyasəti son zamanlar ciddi tənqid olunan sahələrdəndir. Ən yüksək səviyyələrdə olan tənqidlərin yəqin ki, hesabı məhz XİN rəhbərinə kəsiləcək. Milli Məclisin ötən iclaslarının birində deputat Fəzail Ağamalı da XİN rəhbərini ciddi şəkildə tənqid etdi və parlamentin tribunasından naziri istefaya səslədi. Digər tərəfdən, son zamanlar Azərbaycana qarşı xarici dairələrdən “söyüş” silahının işə salınması da xarici siyasət idarəsinin zəif fəaliyyətin göstəricisi kimi qəbul olunur. Xüsusilə səfirliklərin bu istiqamətdə fəaliyyətsizliyi nəzarətçi orqan olan XİN-nin hesabına yazılır. Ehtimal olunur ki, növbəti kabinetdə Elmar Məmmədyarov da olmayacaq.

Turizmi geri salan Qarayev

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də işi çətin olacaq. Əslində yeni kabinetdən kənarda qalmağa ən real namizədlərdən biri də məhz Əbülfəs Qarayevdir. Qeyri-neft sektorunun inkişafında xüsusi yer tutan və “neft erası” bitdikdən sonra hökumətin xüsusilə diqqət ayırdığı turizm sektoru ciddi gəlirlər gətirməli idi. Lakin bu sektorun heç cür inkişaf edə bilməməsi nazirin nüfuzunu kifayət qədər aşağı saldı.

Bununla yanaşı, Hesablama Palatasının qurumda apardığı yoxlamalar zamanı büdcə vəsaitlərinin 300 milyon manatının mənimsənildiyini aşkarlandı. Bu da Əbülfəs Qarayev haqqında cəmiyyətdə formalaşmış mənfi rəyi daha da gücləndirdi. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin ləğv olunaraq aidiyyatı üzrə digər qurumlara birləşdiriməsi haqqıda iddialar səslənir. İddialara əsasən qurumun turizmlə bağlı səlahiyyətləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdiriləcək. Mədəniyyət sahəsi isə ayrıca bir komitə kimi fəaliyyət göstərəcək. Bu da nazir Qarayevin vəzifəsiz qalacağına işarədir.

Gömrük generalı Əliyev işsiz qalacaq?

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin də işsiz qalacağı gözlənilir. Belə ki, sabiq vergilər naziri Fazil Məmmədov istefaya göndərildikdən sonra yeni nazir Mikayıl Cabbarovun bu sahədə ciddi kadr islahatları apardığının şahidi olduq. Mikayıl Cabbarov vergilər naziri təyin olduqdan sonra Gömrük Komitəsinin də sözügedən nazirliyə birləşdiriləcəyi haqqında iddialar səsləndi. Hətta rəsmilər də bu iddiaları təkzib etmədi. Digər tərəfdən, Gömrük Komitəsinin fəaliyyəti əhalinin ciddi narazılığına səbəb olan sahələrin başında gəlir. Adı rüşvət, korrupsiya kimi neqativ məsələlərdə hallanan bu sahənin şəffaflaşdırılması və sağlamlaşdırılması üçün ciddi dəyişikliklərə ehtiyac var. Görünən odur ki, dəyişiklik ən yüksək səviyyədə aparılacaq və komitənin rəhbəri Aydın Əliyev əvəzlənəcək. Ya da yuxarıda qeyd olunduğu kimi, komitə Vergilər Nazirliyinin tərkibinə daxil ediləcək.

“Cəza kəsiləcək” ikili: Rüstəmov-Aslanlı

İddialara görə, maliyyə sektorundan böhranın “cəzası” isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova kəsiləcək. Ancaq banklara nəzarət son 2 ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) tapşırıldığı üçün baş bankirin növbəti dönəmdə də öz vəzifəsində qalacağı istisna edilmir. Ehtimal olunur ki, bank sektorunda yaranan problemlərin günahı əslində haqlı olaraq Palata rəhbəri Rüfət Aslanının adına yazılacaq. Bütün hallarda ölkənin maliyyə sektoruna (banklar və sığorta şirkətləri nəzərdə tutulur – müəl.) nəzarət edən iki qurumdan birində rəhbər dəyişikliyi olacaq.

Devalvasiya “kuratoru” Şərifov

Maliyyə naziri Samir Şərifovun da növbəti kabinetin tərkibində olmayacağı deyilir. Xüsusilə ölkədə baş verən manatın iki kəskin devalvasiyasından sonra Samir Şərifov nüfuzuna ciddi zərər dəydi. Çünki devalvasiyanın əsas “kuratoru” Samir Şərifov hesab olunurdu. Eyni zamanda Samir Şəifovun problemli dollar kreditlərinin həlli istiqamətində hökumətin atmaq istədiyi addımların qarşını alması ilə bağlı iddialar səsləndi. Maraqlıdır ki, səslənən iddialara nazir təkzib vermədi. Digər tərəfdən Samir Şərifovun daha yüksək posta iddialı olduğu deyil. Hələ iki il öncə mətbuatda gedən informasiyalarda iddia olunurdu ki, Samir Şərifov baş nazir olmaq istəyir və siyasi iddialarla çıxış etməyinin səbəbi də məhz budur. Bütün hallarda aprelin sonu, may ayının əvvələrində maliyyə naziri haqqında veriləcək qərarın şahidi olacağıq.

Müslümov da diqqətdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə də başqa şəxsin gətiriləcəyi haqqında iddialar var. Xüsusilə son 1 ildə sözügedən nazirlik haqqında kifayət qədər neqativ məlumatlar yayıldı. Bu da nazir Səlim Müslümovun xeyrinə deyil. Xüsusilə də təqaüdlərin gecikdirilməsi və bu istiqamətdə cəmiyyətə dolğun informasiyaların verilməməsi nazirə qarşı narazılıqları bir qədər də artırdı. Hətta təqaüdlərin gecikdirilməsi hakimiyyətə etiraz kimi qələmə verildi. Yayılan məlumatlarda qeyd olunurdu ki, əhalinin etirazlarına səbəb olan məsələ Səlim Müslümovla maliyyə naziri Samir Şərifov arasında yaranan problemlərdir. Yaranmış problem hər iki şəxsin nüfuzuna ciddi zərbə vurdu.

Və sonda… Rasizadə də siyahıda varmı?

Baş nazirin müavinləri də “təhlükə”dən kənarda deyil. Hazırda baş nazirin 6 müavini var. Onlardan bəzilərinin yeni kabinetdə yer almayacağı proqnozlaşdırılır. Eyni zamanda baş nazirin də dəyişdiriləcəyi səslənən iddialar arasındadır. Belə ki, uzun müddətdir baş nazir postunda olan Artur Rasizadənin hazırkı vergilər naziri Mikayıl Cabbarovla əvəzlənəcəyi deyilir. (cebhe.info)