Sürüşmə prosesi dəyişən ərazilər –”Qır gölü”, Zığ sürüşmə sahəsi, “Əbədi məşəl” kompleksi

0
3
Bakıda və Abşeronda bəzi sürüşmə ərazilərində görülən tədbirlər nəticəsində sürüşmə prosesinin tam dayanmasına nail olunub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, görülən kompleks tədbirlər – istinad divarlarının tikilməsi, ərazidəki yamacın yükünün azaldılması, yaşıllıqların salınması, antropogen müdaxilələrin qarşısının alınması, sakinlərin ərazidən köçürülməsi nəticəsində bir necə ildir ki, Bakının bəzi sürüşmə sahələrində sürüşmə prosesi müşahidə edilmir.

Nazirlik rəsmisi belə ərazilərin adını da açıqlayıb.

O bildirib ki, artıq Əhmədli sürüşmə sahəsində, Masazır qəsəbəsindəki “Qır gölü” adlanan ərazinin ətrafında, Zığ sürüşmə sahəsinin bir hissəsində, Bayıl yamacında – “Əbədi məşəl” kompleksinin aşağı hissəsində (burada sonuncu böyük sürüşmə hadisəsi 2000-ci ilin 7 martında baş verib), Badamdar sürüşmə sahəsində prosesdə aktivlik müşahidə edilmir: “Nazirlik tərəfindən bu ərazillərdə daim müşahidələr aparılır, lakin aktivlik qeydə alınmır”.

R.Həsənov əlavə edib ki, hazırda Abşeron rayonunun “Nübar” qəsəbəsindəki (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.