PUTİNLƏ DAHA 6 İL…- Rusiya prezidentinin seçkidən əvvəl verdiyi böyük vədlər: 15 trilyon hardan gələcək?

0
5
Vladimir Putin gözlənildiyi kimi, seçkiləri uddu. Və səslərin 73,9 faizini toplayaraq yenidən prezident seçildi. Rus xalqı qarşıdakı 6 ildə də Putinin rəhbərliyi altında yaşamalı olacaq. İndi ölkə vətəndaşlarını maraqlandıran suallardan biri də hökumətin seçkidən əvvəl verdiyi vədlərdən hansılarını yerinə yetirəcəyidir.

 

Putin nə vəd edir?

 

“Rusiya naminə birlikdə böyük bir işə başlayacağıq”, – deyə Putin martın 18-i axşam Moskvada Manej meydanına toplaşan insanlara müraciətində bildirdi. Həmin anlarda bütün seçki məntəqələri qapadılmışdı. Və Putin faktiki olaraq qələbə nitqini söyləyirdi. Seçkiyə iki gün qalmış isə Putin öz administrasiyasına qarşıdakı 6 il üçün milli hədəfləri myəyyənləşdirmək tapşırığı vermişdi.

Milli hədəflər əsasən sosial-iqtisadi sahələri əhatə edir. Onların arasında dünyanın 5 nəhəng iqtisadiyyatından biri olmaq, iqtisadi artımı təmin etmək, əhalinin real gəlirlərini və pensiyaları artırmaq var. 

Belə hədəflərdən biri də ölkədə yoxsulluğun səviyyəsini iki dəfə azaltmaqdır.Putinin tapşırıqları arasında xeyli sayda sosial və demoqrafik məsələlər var. Məsələn, əhalinin sayını artırmaq, orta ömür həddini 2024-cü iləcək 78-ə, 2030-cu ilədək 80-nə qaldırmaq.

Rusiya Statistika Komitəsinin məlumatına görə, ötən il Rusiyada orta ömür həddi 73 yaş olub.

 

Hər il 5 milyon ailə…

 

Putin vəd verib ki, hər il ən azı 5 milyon ailənin yaşayış şəraitini yaxşılaşdıracaq.

O həmçinin Rusiya prezident administrasiyasının rəhbəri Anton Vaynoya göstəriş verib ki, aprelin 15-nə qədər infrastrukturun qurulması proqramının hədəf göstəricilərini işləyib hazırlasın.

Federal Şuraya müraciətində Putin yolları, hava limanlarını, liman və şəhərləri yeniləyəcəklərinə də vəd verdi. 

Daha bir təlimat ölkədə biznes mühitinin yaxşılaşdırılmasına dair tədbirlərin işlənib hazırlanması ilə bağlı oldu. Putin söz verdi ki, növbəti onilliyin ortalarında kiçik biznesin ÜDM-dəki payı 40 faiz təşkil edəcək.

Prezident eyni zamanda səhiyyə və təhsilə daha çox vəsait ayıracaqlarını, əmək məhsuldarlığının artımını sürətləndirəcəklərini bildirdi.

 

Vədlər yerinə yetiriləcəkmi? 

 

Ekspertlər isə hesab edir ki, sanksiyalar, aşağı artım tempi və sərt büdcə siyasəti şəraitində Putinin bu vədləri yerinə yetirməsi çətin olacaq.

Rusiya İqtisadi İnkişaf Nazirliyi isə vədlərin reallaşmasını mümkün sayır. Bir şərtlə ki, struktur islahatları aparılsın. Nazirliyin proqnozuna görə, 2020-ci ilə Rusiya iqtisadiyyatının artım tempi 3,1 faizə yüksələcək. 

Əksər proqnozlara görə isə Rusiya iqtisadiyyatını artım tempinin zəifləməsi gözləyir. Məsələn, “Fitch” reytinq agentliyinin son hesabatında Rusiya hökumətinin islahatlar aparacağına şübhə ilə yanaşılıb. Agentlik 2018-2019-cu illərdə Rusiya iqtisadiyyatının artım tempinin hökumətin elan etdiyi kimi 3,1 faizə yox, cəmi 2 faizə çatacatını düşünür.

 

Vergilər artacaq? 

 

Putin deyir ki, qarşıya qoyulan hədəflər üçün hökumət ən azı 15 trilyon rubl vəsait ayırmalıdır. Lakin Rusiya prezidenti bu maliyyələşmənin nəyin hesabına olacağına aydınlıq gətirməyib. 

Yerli ekspertlər hesab edir ki, vədləri yerinə yetirmək üçün Rusiya dövlət borcunun həcmini artıra bilər. Başqa bir ekspert isə vergilərin artırılacağını istisna etmir.Və artımın seçkidən az sonra ola biləcəyini deyir.

Hökumətin büdcə siyasətində nə dəyişiklik olacaq? Ekspertlərə görə, xərclər azaldılacaq, dövlət sektorunun əmək haqları və pensiyalar inflyasiya ilə indekslənəcək. 

Putinin Federal Şuradakı çıxışında müdafiə və yeni silahlara geniş yer ayırmasını əsas gətirən ekspertlər hesab edirlər ki, bu, hərbi xərclərin “qayçılanmayacağı” anlamına gəlir. 

Rusiya prezidenti ötən ilin dekabrında keçirdiyi geniş mətbuat konfransında dabildirmişdi ki, 2018-ci ildə hökumət orduya 2,8 trilyon rubl xərcləməyi planlaşdırır.

Bəzi ekspertlər hökuməti tənqid edərək müdafiə sahəsinə ayrılan xərcləri azaltmağa, bunun əvəzinə təhsil və səhiyyəyə daha çox pul ayırmağa çağırıblar. Putinin isə bu iradlara cavabı belə olub: “Biz birinci öz təhlükəsizliyimizi təmin etməliyik. İkincisi də, elə etməliyik ki, bu, iqtisadiyyatın çöküşünə gətirib çıxarmasın. Biz məhz buna çalışırıq…”. 

Tərcümə Strateq.az-ındır