Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı müstəqil media mərkəzi yaradılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, müstəqil media mərkəzində hazırlıq işləri başa çatıb və sabah açılışı olacaq. MSK sədrinin sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.
MSK sədri həmçinin KİV-ləri seçkilərlə bağlı prosesləri ətraflı işıqlandırmağa çağırıb:“Seçkilərlə bağlı imza vərəqələrinin yoxlanması ilə bağlı cəmiyyətə az informasiya çatdırılır. Bizim iclasda deməyimiz kifayət etmir. Bunu cəmiyyətə mətbuat çatdırmalıdır”.