Vətəni, Milləti sevmək zor iş olduğundan hər insana nəsib olmur. Kimisi meylini vəzifəyə, kimisi də pula, mal-dövlətə salır. Bu, günümüzün reallığıdır. Yaltaqlar cəmiyyətimizdə xüsusi imtiyaz sahiblərinə çevrilərək, bu iyrənc “peşə”dən qazanc əldə etmək üçün gen-bol istifadə etməkdədirlər. Nə yazıq ki, elələrinin səsi hər yerdə eşidilir, efir məkanımız isə gündəlik olaraq onların “poliqonu”na çevrilib. Bizə yalnız özümüz deyib, özümüzün eşitməyi qalır ki, cənabi iqtidarımızın bundan xeyli məmnun olduğunu görməmək üçün yalnız kor olmaq lazımdı.
Zamanında bir neçə təkliflərlə çıxış etmişəm. Hətta, yazılı olaraq Prezident Administirasiyasına da müraciətim olub. Ayrıca idman, mədəniyyət telekanallarının yaradılması barədə təklifim gec də olsa, diqqətə alınmışdı. Novruz bayramı personajları sırasına Dədəmiz Qorqudun əlavə edilməsi barədəki təşəbbüsüm isə yarımçıq, hətta deyərdim ki, səviyyəsiz şəkildə həyata keçirildi. Dədəmiz Qorqudu, komik personajlar olan kosa və keçəllə eyniləşdirmək istədilər. Birmənalı uymadı… Təklifim belə olmuşdu; Dədəmiz Qorquda daimi iqamətgah yaradılsın. Hər il novruz bayramlarında simvolik Dədə Qorqudlar Ölkəmizin bütün regionlarına səfər edib, Xalqımızı birliyə çağırıb, müqəddəs torpaqlarımızı göz bəbəyi kimi qorumağa səsləsinlər. Təbii ki, bütün Türk dünyasını birliyə dəvət etmək də Dədəmiz Qorqudun əsas vəzifəsi olacaqdı… Düşünürəm ki, bir müddət sonra, bütün Türksoylu ölkələr novruz bayramlarında Dədə Qorqudlarımızı öz ölkələrinə dəvət edəcəkdilər. Nə isə…
Bəlkə də, həmin təklifi, Milli Məclisdə əyləşib, arada bir “qatıqlayan” deputatlardan biri versəydi, diqqətə alınardı. Sırada bir təklifim də var. Məktəbliləri, yeniyetmələri, ölkə teleməkanını bürümüş bayağı şoulardan xilas etmək üçün, təcilli Elm və ya Tədris adlana telekanal yaradılmalıdır. Bunun, bu günümüz, xüsusilə, gələcəyimiz üçün nə qədər önəmli olduğunu dərk etməmək diletanlıqdan savayı bir şey deyil. Əvvəla, bu kanal övladlarını repetitor yanına göndərmək imkanı olmayan ailələrə yardım edəcək. Sirr deyil ki, imkanlı ailələrin övladları ödənişli, bahalı məktəblərdə təhsil almaqla yanaşı, repetitorlardan da istifadə etmək qüdrətindədilər.
İmkansız ailələrin onlarla qəqabət aparıb, ölkənin və ya xarici ölkələrin tanımış universitetlərinə qəbul olmaq istəkləri demək olar ki, xəyal qırıqlığıdır. İkincisi, yaradılmış telekanala dərslərdən canlı yayım təşkil etmək hüququ verilsə, bu, həm müəllimlərin, həm də şagirdlərin məsuliyyətini xeyli artıra bilər. Qabaqcıl məktəb və müəllimlərin iş prinsiplərinin təbliğ edilməsi xoş bir rəqabətə səbəb ola bilər. Təcrübəli müəllimlərin telekanalda dərs keçmələrindən hər bir ailə sözsüz ki, yararlanmaq imkanı əldə edər. Psixoloqların çıxışları, yeniyetmələrin psixoloji hazırlığı üçün əvəzsiz xidmət göstərər.Tədris.tv hətta, yeniyetmələri müxtəlif peşələrə həvəsləndirə, yönləndirmək imkanına malik ola bilər. Elə müasir peşələr var ki, həmin peşələrə mükəmməl yiyələnə bilənlər, əksər zaman, universitet təhsili almış gənclərdən daha tez iş yeri tapır və üstəlik də dəfələrlə çox qazanc əldə edə bilir. Bu təklifimi ölkə vətəndaşlarının müzakirə etməsini, təkliflərini vermələrini arzulayıram. Bütün arzularım gələcək nəslimizi xoşbəxt görməyə hesablanıb.
Dəstəyinizi əsirgəməyin dostlar! Baxmayaraq ki, ölkə iqtidarının dəyərli təklifləri qəbul edəcəyinə bir o qədər ümidim yoxdur. Ancaq, unutmayaq, “el bir olsa, dag oynadar yerindən”.
Ramiz Tağıyev