Hollandiya uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır –Hakim partiya təklifi dəstəkləyib

0
3

Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanımağa hazırlaşır.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənir. CU millət vəkili Joel Voordevind Hollandiyanın NOS telekanalına açıqlamasında parlament çoxluğunun eyni mövqedə olduğunu açıqlayıb. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək.

Hələlik hökumət təklifə münasibət bildirməyib. Lakin Hollandiya mediası hökumətin təklifi qəbul edəcəyini xəbər verir.

Xatırladaq ki, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Ötən həftə isə Hollandiya hökuməti rəsmi qərarla Türkiyədəki səfirini geri çağırıb.