30 yaşlı cənnətməkan –Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

0
3
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 30 yaşı tamam olur.

7 fevral  Azərbaycan xalqı  üçün xüsusi tarixdir. Bu gün müasir gəncliyimizin hünər  simvolu olan Azərbaycanın Mİlli Qəhrəmanı Mübariz İbrahimovun 30 yaşı tamam olur. Adətən bu səpkidə yazıların belə başlanğıcı olur-“əgər yaşasaydı,bu gün 30 yaşı tamam olacaqdı. Amma çox təəssüf ki, ömrü yarıda qırıldı, 22 yaşında həyata vida dedi”. Amma Mübariz üçün belə başlanğıc  yazmaq günahdır, şəhid ruhuna hörmətsizlikdir . Ən azından valideynlərinə yazdığı son məktuba görə…

Mən özümü o mənada xoşbəxt yazar hesab edirəm ki, qəhrəman gizirimizin ata-baba ocağında dəfələrlə olmuşam, yazdığı son məktubu da əlyazmasında oxumaq, valideynləri, yaxınları, tay-tuşları ilə həmsöhbət olmaq qismətimə yazılıb. Televiziyada işlədiyim illərdə ildə ən azı iki dəfə-doğum və şəhid olduğu tarixlərdə bu müqəddəs seyid ocağına baş çəkər, adını daşıyan xatirə muzeyində özündən yadigar əşyaları ilə  baş-başa qalardım. Məktubunu isə hər gedişimdə oxuyurdum, əvvəl göz yaşları ,sonra isə qururla!

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin. “

Hər birimizin iki ali borcumuz var- bizi dünyaya gətirən valideynlərimiz və bizə övlad deyən vətən qarşısında övladlıq borcu. Mübariz bu borcun hər ikisini hünərlə  verdi və halallığını da aldı. 8 il öncə valideynlərinə bu son məktubunu yazanda 22 yaşlı gəncin nə hisslər, ağrılar keçirdiyini ,nə üçün bu addımı  atdığı hamımıza sirr olaraq qaldı. Bəlkə də cənnətdə onunla görüşmək imkanı qazanan digər şəhid silahdaşları  məqsəd və məramından   xəbərdardılar. Bilmirəm… Bildiyim tək odur ki, belə cəsur övladı cahana gətirən Şamama ana, Ağakərim kişi də cənnətlikdirlər. Elə buna görə də Mübariz vida məktubunda valideynlərinə “cənnətdə görüşəcəyik” deyir.

Jurnalist  fəaliyyətimdə  iki şəhidin taleyindən yazmaq, ölümləri haqqında danışmaq mənə çox ağır olub. Mübariz və Astaradan olan aprel şəhidi Pəncəli Teymurov barədə. Onların hər ikisi şəhadət şərbətini könülü içib, Vətənə qurban olmağı məqsəd seçənlərdir. Bu mənada onlar şəhadətləri ilə  müqəddəs Kərbəla şəhidləri ilə təndirlər. Gecə saatlarında azğın erməninin üstünə təkbaşına  gedəndə Mübariz sağ qayıtmayacağını bilirdi, bunu bilə-bilə də ölümün üstünə getdi,subut etdi ki,

Ölümün qolları güclü olsa da,

Vətən məhəbbəti güclüdür ondan!

Elə Pəncəli Teymurov da ömrünün ən şad günündə, toy günündə özünə şəhid olmağı, şəhid olub Azərbaycan bayrağına bükülü tabutda ocağına qayıtmağı arzuladı. Ürəkdən dilənən bu arzuları da uca xaliq çin etdi. Həm Mübariz İbrahimovun, həm də Pəncəli Teymurovun taleyinə qan rəngində, bayraq rəngində şəhadət yazıldı. Bu igidlərin hər ikisi  ölümün, zamanın fövqündə dayanan insanlardır, qəhrəmanlardır!

Bu gün doğum günündür Mübariz! Şamama ananın  oğul yarası ötən 8 ildə  nəinki qaysaq bağladı, bəlkə bir az da  qanadı – yoxluğun uzaqlaşdıqca, xatirələr ağrıdır. Ağlamasa da, göz yaşından ağır sukutu ilə bu dərdi daşıyır qəlbində hələki… Və yəqin ki, cənnətdə qəbr evində  görüşənəcən bu nisgil onunla olacaq. Elə biz jurnalistlərin qəlbini qırmayıb  suallarımızı geniş – geniş cavablandıran Ağakərim kişinin fəxarətində də oğul dağı boylanır. Bala itkisi çətindir, Mübariz kimi oğulun itkisi isə ömürlük boşluqdur. O boşluğu valideynlərinin, doğmalarının, ən əsası Azərbaycanımızın, xalqımızın qəlbində heç kim doldura bilməz. Ola bilsin ki, bu günkü, sabahkı nəsil Mübarizdən də böyük şucaətə imza atsın, amma onlar sadəcə davamçılar olacaq. Bu yolu isə Mübariz açdı, şəhidlik kəfənini özü boynuna biçdi. Şəhadət yaşın mübarək, cəsur eloğlum. Kaş ki, səninlə cənnətdə görüşüb o açıq alnından öpmək  bir ana  kimi mənim də qismətimə yazılaydı!

Esmira İsmayılova

Lənkəran

Strateq.az