“Orfoqrafiya lüğətinin layihəsindəki qaydaların sayı artırıla bilər”.
Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi, institutda orfoqrafiya lüğəti ilə bağlı yaradılan İşçi Qrupunun üzvü Şahlar Məmmədov “Azərbaycan dil qurumu” İctimai Birliyinin Orfoqrafiya lüğəti lahiyəsinin müzakirəsi ilə bağlı keçidiyi tədbirdə deyib.
O bildirib ki, Orfoqrafiya lüğətinin layihəsi ictimaiyyətə təqdim ediləndən sonra geniş müzakirələrə səbəb olub: “İşçi qrupunun üzvləri təklif verənlərin mövqeyindən asılı olmayaraq bütün təkliflərə obyektiv yanaşırıq. Bütün təkliflər pasportlaşacaq. Təkliflərin içində çox dəyərliləri var. Onların üzərində işlənilir, ola bilsin ki, layihədəki təkliflərin sayı artsın. Həmin təkliflər seçilərək müzakirələrə təqdim olunacaq. Bəlkə də qaydaların sayı 80-ə qaldırılsın. Layihə üzərində işçi qrupu çox ciddi işləyir. Bütün yazılara ayrı-ayrı baxılır”.
İşçi qrupunun üzvü qeyd edib ki, orfoqrafiya layihəsi məsələsi bir şəkilçi, bir işarə məsələsi deyil, çox ciddi məsələdir: “Orfoqrafiya dilin yox, dilçiliyin problemidir. Dilin müzakirəsi ilə qaydaların müzakirəsi fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyinə ehtiyac var. Bizim üçün dil məsələsi hər şeydən vacibdir”.
Report