Tarixin izində…

0
3

“İngilislər işıq görüb evi topla vurmasın deyə Nuri paşa gecələr lampa yandırmağa icazə verməzmiş”

Qobu qəsəbəsinə ilk dəfə ayaq basıram. 567 nömrəli avtobusla uzun bir yol. Öyrəndim ki, insanların burada sıx məskunlaşdığı ərazi Qobu dairəsi adlanan yerdir. Avtobusdan düşüb orada toplaşmış insanlara yaxınlaşaraq məqsədimi bildirirəm. Zahid adlı kənd sakini mənə bələdçilik etməyə razı olur. “VAZ-06” markalı maşınla məni kənddə jurnalist kimi fəaliyyət göstərən Məmmədağa bəyin yanına aparırlar. Zahidin dediyinə görə jurnalist bu barədə daha dolğun məlumatlara sahibdir. Amma təəssüf ki, evdə yoxdur. 2 saylı Qobu kənd məktəbinin direktoru Lətifə xanımı məsləhət görürlər. Məktəbə gedərək Lətifə xanıma yaxınlaşıram. Qobu kəndinin tarixindən bəhs edən “Yaddaşlarda yaşayan kişilər” adlı kitabı oxumağım üçün gətirmək istəyir. Amma kitab tapılmır. Ən tezi sabah kitabı oxumağım üçün tapa biləcəyinə dair mənə söz verir.

Heçnə əldə etmədən kəndi tərk edirəm. Ümid qalır sabaha…

12 iyul- Qobuya ikinci gəlişim. Məqsədim Məmmədağa adlı jurnalisti tapmaq, həmçinin, dünən Lətifəxanımın söz verdiyi kitabı oxumaqdır. Avtobusdan düşüb yoldan keçən bir cavana yaxınlaşıram. Məmədağa bəyi onun sayəsində tapıb tanış oluram. Mənə kömək edəcəyini deyir, amma, hazırda nəşriyyatdakı işləriilə əlaqədar vaxtı yoxdur. Kənd sakini Hacı Akifin evinə doğru gedirəm. Deyilənə görə o mənə lazımi məlumatlar verə bilər. Qapını döyürəm. Oğlan uşağı atasının evdə olmadığını, gözləyəcəyim təqdirdə çağırabiləcəyini deyir. Akif bəy gəlir. Birgə evə daxil olub çay süfrəsi arxasında söhbətə başlayırıq.

-Akif bəy, öncə hazırda olduğumuz kənd haqqında məlumat verməyinizi istərdim.

-Qobu sözü “çökəklik” anlamına gəlir. Buda onun 4 tərəfdən dağlarla əhatə edilərək sanki, çökəklik şəklində görünməyi ilə əlaqədardır. Qobu kəndi Bakının ən qədim kəndlərindən hesab olunur. Nuri paşanın Bakının işğaldan azad edilməsi məqsədilə göstərdiyi fəaliyyət dönəmində, məhz, Qobunun qərargah olaraq seçilməsi heç də təsadüfi hal deyildi.

-Türk qoşunlarının kənddə göstərdiyi fəaliyyətlə bağlı hansı məlumatlara sahibsiniz?

-Babam Kərbəlayi Qasım kəndin sayılıb-seçilən, imkanlı şəxslərindən olub. Türk qoşunlarının komandiri Nuri paşa babamın evində yaşayıb. Çünki, bu ev digər kənd evlərindən rahatlığına, genişliyinə görə seçilirdi. Ev iki mərtəbədən ibarətdir. Paşanın rahatlığını təmin etmək üçün onu ikinci mərtəbədə yerləşdiriblər. Buradan Nuri paşa şəhərin qaynar nöqtələrini durbinlə rahatlıqla izləyə bilirmiş. Az öncə qeyd etdiyim kimi türklərin Qobunu qərargah olaraq seçməsi təsadüfi deyildi. Çünki kənd hər tərəfdən dağlarla əhatə olunmuş strateji bir mövqe idi. Hətta, 1918-ci ilin mart qırğınları zamanı ermənilərin kəndə hücumu da olmamışdı. Çünki kəndə gəliş-gediş dağlıq relyefə görə çətinidi. Şubanı dağları üzərində türk qoşunları öz toplarını yerləşdirmiş, paşa isə Xəzər dənizini, hətta, adaları belə babam gilin evindən izləyirmiş.

-Bildiyimiz kimi, mart qırğınlarında, hətta, türk qoşunlarının gəlişi zamanı Bakı kəndlərindən çıxan qoçular əhalinin imdadına yetişmişlər. Bəs, Qobu kəndindən necə bu cür cəsur oğullar çıxmışdırmı?

-Əlbəttə! Mart qırğınları zamanı kənddən ermənilərlə başa-baş mübarizə aparan qoçular çıxıb. Qoçu Hilal elə ermənilərlə vuruşma zamanı öldürülüb. Xalq rəssamı Qəzənfər Xalıqovun atası Qoçu Ələkbər kimi tanınıb. Mübarizə yoldaşı Qoçu Hilal ermənilər tərəfindən öldürüldükdən sonra qoçu Ələkbər Hilalın nəşini həmşərilərin (“həmşəhərli”anlamına gələn bu söz Cənubi Azərbaycandan Bakıya işləmək üçün gələn şəxslərə aid edilirdi- müəllif Z.Q) vasitəsiilə qızıl pul qarşılığında ermənilərdən alabilib.

-Akif bəy, Qobu kəndində türk qoşunları bir müddət yaşayıblar. Bu müddət ərzində onlardan qalan hərhansı şəxsi əşya, xatirə şəkli kənddə qalmayıb?

-Xeyr, şəkil yoxdur. Amma xatırlayıram ki, baba evimizdə mis aşsüzən vardı ki, yaşlılar deyərdi bu aşsüzənlə türk əsgərlərinə aş süzərdik. Qədimi qablar var idi ki, həmin qablar da əsgərlərə süd, çay vermişdi nənəmgil.

-Az öncə qeyd etdiniz ki, Nuri paşa babanızın evində qərar tutub. Həmin ev hazırda qalırmı?

-Bəli, hazırda evdə qardaşım Tofiq Qasımov yaşayır. Paşa təxmini 1 ay bu evdə yaşayıb. Evin ön tərəfi şəbəkə ilə örtülmüşdü. Sonradan qardaşım baba evimizin şəbəkələrini söküb daşla əvəz etdi. Həmin vaxt mən kəndin icra nümayəndəsi işləyirdim. Eşitdim ki, mətbuatda xəbər yayılıb, guya türklər Nuri paşanın yaşadığı evi təmir etdirirlər. Bu yazıya qəti etirazımı bildirdim. Əslində, qardaşım yaşadığı evi təmir etdirib. Bu qədər sadə.

-Qobu əhalisi arasında türklərlə bağlı hansısa xatirə qalıbmı? Qalıbsa, mənimlə bölüşməyinizi rica edərdim.

-Həmin dövrdən yadımda qalan bir xatirəni sizinlə bölüşə bilərəm. Baba evimizin birinci mərtəbəsində babamgil, ikinci mərtəbədə türk zabitləri yerləşiblərmiş. Şəhərdə yerləşən ingilislər işıq görüb evi topla vurmasın deyə Nuri paşa gecələr lampa yandırmağa icazə verməzmiş. Bir gecə birinci mərtəbədə səs-küy qopur. Paşaya xəbər verirlər ki, bəs ev sakininin övladı dünyaya gəlib. Nuri paşa türk əsgərinə işlətmədiyi bir lampanı verərək aşağı mərtəbəyə göndərir. Əsgər aşağı enərək babamgilə deyir: “paşam dedi uşaq gözlərini nura açsın”.

-Akif bəy, dəyərli məlumatlara görə təşəkkür edirəm.

Akif bəyin oğlu məni Nuri paşanın qərargah olaraq seçdiyi evə qədər müşayiət edir. Ev sahibi Tofiq Qasımov evinı birinci mərtəbəsində Nuri paşanın yerləşdiyi otağı, türk əsgərlərinin atlarının bağlandığı evin zirzəmisini və türk qoşunlarının gəlişinə və ondan əvvəlki nəsillərə şahidlik edən, 150-dən çox yaşı olan ağacı əyani surətdə göstərir.

2

Kərbəlayi Qasımın mülkü.

 

3

Nuri paşa durbinlə evin ikinci mərtəbəsindən şəhərə nəzarət edərmiş.

 

Qafqaz İslam Ordusu generalı Nuri paşa evin ikinci mərtəbəsini özünə qərərgah olaraq seçmişdir. Lətifə xanımın söz verdiyi kitabı-“Yaddaşlarda yaşayan kişilər” əldə edib oxuyuram. Kitabın yazılmasında kəndin jurnalisti Məmmədağa bəyin də əməyinin olduğundan xəbərdar oluram. Kitabda mənə lazım olan bəzi maraqlı məlumatlar vardır ki, onları Məmmədağa bəylə söhbət zamanı daha dolğun şəkildə öyrənmək fikrindəyəm.

1

Zahid Qasım

Bakı Dövlət Universiteti , Tarix fakültəsi ııı kurs

Ardı var…