Qışın gözəllik sirləri

0
4

Soyuq havalarda üz və əl dərisi, göz ətrafları və dodaqlar quruyaraq kobudlaşır, saçlar öz canlılığını və təravətini itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar kimi assosiasiya olunur.

Azertag.az qış fəslində gözəlliyi qorumaq üçün təcrübəli və tanınmış dermatoloqların bəzi məsləhətlərini xatırladır.

Onların dediyinə görə, qış aylarında tez-tez çox isti vanna və ya duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qurumasını sürətləndirir. Ümumiyyətlə, qış aylarında üz dərisini isti su ilə yumaq məsləhət görülmür.

Qış aylarında kontrast duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq su altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını tənzimləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.

Dərinin yumşaq və gözəl görünməsi üçün limon qatılmış isti su içmək pis görünüşlü dəriyə səbəb olan toksinlərin daha tez atılmasına və qanın təmizlənməsinə kömək edir. Qış aylarında masaj vasitəsilə dərinin əvvəlki parlaqlıq və təravətini qaytarmaq mümkündür. Masaj zamanı dəriyə uyğun krem, losyon və yağlardan istifadə etmək məsləhətdir. 1 qaşıq qarğıdalı ununu qatıqla qarışdıraraq əl, üz və ayaqlara sürtülüb masaj edilməsi dərinin təmizlənməsi və yumşalmasına səbəb olur.

Dermatoloqlar qarlı havada əks olunan şüaların dərini zədələdiyini söyləyirlər. Yay aylarında olduğu kimi, soyuq fəsildə də qoruyucu kremlərdən istifadə etmək məsləhətdir. Həmin kremləri havaya çıxmazdan 20-30 dəqiqə əvvəl nazik təbəqə şəklində dərinin günəşlə təmasda olan nahiyələrinə çəkmək və 3-4 saatdan bir yeniləmək lazımdır. Soyuq havanın təsiri dəridə quruluğa səbəb ola bilər. Ona görə quruluğun qarşısını almaq üçün tərkibində yağ olan və dərini qurutmayan şampunlara üstünlük verilməlidir. Hər dəfə vanna və duş qəbul ediləndən dərhal sonra dəri islaq olarkən nəmləndirici kremlərdən istifadə etmək faydalı təsir göstərir.

Soyuq aylarda dəri həddindən artıq quru və həssas olduğuna görə üz dərisinə xüsusi diqqət göstərmək lazımdır. Kosmetik vasitə həddindən artıq quru və ağır tərkibli olmamalıdır. Hətta dəri yağlı olanda da yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır.

Mütəxəssislərin dediyinə görə, makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulmuş nəmləndirici krem çəkilməlidir. Yaxşı olar ki, həmin kremin tərkibində qliserin, lanolin, mineral və yağ olsun. Qliserin dəri üçün əla müdafiə baryeri yaradır və nəmi saxlayır, lanolin yağı isə onu yumşaldır və hamarlaşdırır. Üzü yuyandan dərhal sonra nəmləndirici krem çəkmək, daha sonra yüngül şəkildə masaj edərək nəmli dəriyə hopdurmaq lazımdır. Lakin bundan sonra ən azı bir saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuq havaya çıxarkən üzü şal və ya şərflə örtmək çox vacibdir.

Nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirmək mümkündür. Sauna və hamama getmək imkanı olmadıqda ev şəraitində aptek çobanyastığı dəmləməsi qatılmış qaynar sudan istifadə edilir. Üzü həmin qarışıq olan qaba tutaraq 10 dəqiqə saxlamaq lazımdır. Buxarın kənara yayılmaması üçün başın üzərinə dəsmal atmaq olar. Daha sonra üzü qurulayaraq nəmləndirici krem çəkilməsi dərini təravətləndirir və yumşaldır.

Yatmazdan əvvəl üzə çəkilmiş makiyajı təmizləmədən yatmaq çox ziyanlıdır.