Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-nın Moskva müxbirinə eksklüziv müsahibəsində Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edən deyib.
“Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ilin oktyabrında İsveçrədə keçirilən sammitdə danışıqlar prosesinin aktivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsi barədə qərar qəbul olundu. Buna müvafiq olaraq, sammitdən sonra amerikalı və fransalı həmkarlarımla, eləcə də ATƏT sədrinin nümayəndəsi səfir Kaspşiklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə seriya məsləhətləşmələr apardıq. Eləcə də nazirlərə onların iki görüşünün təşkil edilməsinə köməklik etdik. Belə görüşlərdən axırıncısı Krakovda keçirildi. Bu görüşdə əsasən münaqişə zonasında ATƏT müşahidə missiyasının tərkibinin genişləndirilməsi də daxil olmaqla, hərbi risklərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır”, – deyə İqor Popov vurğulayıb.
Rusiyalı həmsədr Krakovda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha mürəkkəb aspektlərin müzakirə olunduğunu da qeyd edib: “Danışıqlarda eləcə də münaqişənin nizamlanması ilə bağlı daha mürəkkəb, nizamlanma prosesinə maneə olan aspektlərin müzakirəsi davam etdirildi. Bu aspektlər yeni deyil, münaqişə tərəfləri onları dəfələrlə səsləndirib. Həmin aspektlər status məsələsinin həlli və ərazi bütövlüyü məsələsinin nizamlanması ilə bağlıdır.
Həmsədrlər tərəfindən söylənilən fikirlər hər iki tərəf üçün məqbul sayılan həll yolunun tapılmasına kömək etmək məqsədi daşıyır. Bizim “üçlüyün” fevral ayının birinci ongünlüyündə regiona nəzərdə tutulan səfəri zamanı və Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz çərçivəsində tərəflərin mövqeyini dəqiqləşdirməyə ümid edirik”.
“Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret təkliflər və ya qərarlar varmı? Gələn ayın əvvəlində regiona səfəriniz zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdə olacaqmı” sualına rusiyalı həmsədrin cavabı belə olub: “Vasitəçilər kimi biz, ali səviyyədə siyasi dialoqun davam etdirilməsinin tərəfdarıyıq. Hesab edirik ki, bunun alternativi yoxdu. Bununla belə, yalnız tərəflərin özləri siyasi iradə ortaya qoyaraq, həlli gecikən bu münaqişəyə son qoyacaq kompromisli qərara gələ bilərlər. Eyni zamanda, ali səviyyədə növbəti sammitin keçirilməsi üçün, ilk növbədə, görüşün əsas məzmununun razılaşdırılmasına istiqamətlənən diqqətli hazırlıq işləri görülməlidir. Öz tərəfimizdən Bakı və Yerevana onlara sərfəli olan variantlar təklif etməyə səy göstəririk. Bu barədə regiona səfər zamanı da müzakirə aparacağıq. Tərəflər görüşə hazır olan anda, iki ölkənin liderlərinin iş qrafiki nəzərə alınaraq, sammitin keçirilmə müddəti və formatı daxil olmaqla mövcud variantlar təklif oluna bilər”.